“Layihə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına töhfə olacaq”
Ankarada fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi qurulduğu gündən bəri Azərbaycanın tarixi həqiqətlərini də gündəmdə saxlayır, layihələr reallaşdırır. Bu yaxınlarda isə AMEA Tarix İnstitutunun elmi dəstəyi ilə Ankarada Xocalı soyqırımı kompleksinin yaradılması məsələsi gündəmə gətirilib. Artıq komplekslə bağlı sahə ayrılıb. Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, iş adamı Əhməd Baba ilə müsahibədə qurumun Azərbaycanla bağlı fəaliyyətlərinə toxunduq.
- Əhməd bəy, Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin Azərbaycanla bağlı fəaliyyəti nə zaman başlayıb və bu yöndə önəm verdiyiniz xüsuslar nədir?
- Biz bir millət – iki dövlətik. Dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. Millət olmağın düsturlarından biri də qəmi, kədəri, sevinci paylaşmaqdır. 1992-ci ildə Xocalıda baş verən qətliam ordakı qardaşlarımız qədər bizim də böyük acımızdır. Hələ universitetdə təhsil aldığımız dövrdə Qarabağ və Xocalı ilə bağlı tez-tez etiraz tədbirləri keçirirdik. Bu dərnəyi iş adamları və elm adamları ilə birlikdə 2014-cü ildə qurduq. Həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə birlikdə Türkiyə və Azərbaycandan olan elm adamları və siyasətçilərin də iştirakı ilə “Qafqaz İslam Ordusu və Hacı Zeynalabdin Tağıyev” adlı konfrans keçirdik. Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolunu hər kəs bilir. H.Z.Tağıyev isə Azərbaycan tarixinin çox önəmli bir fiqurudur. O öz dövründə məktəblərin açılması, qadınların sosial həyatda iştirakı, təhsil almaları sahəsində çox böyük işlər görüb. Sadəcə Azərbaycan coğrafiyasında deyil, digər müsəlman ölkələrə də yardımı olub. Birinci Dünya müharibəsi zamanı Nargin adasındakı əsir türklərə (Osmanlı-Rusiya cəbhəsində əsir götürülən – red.) göstərdiyi dəstək və valideynsiz uşaqlara yardımları unudulmazdı. Bu konfransı keçirməklə həm də Türkiyədəki iş adamlarına xeyriyyəçiliyin nümunəsini göstərmək istədik. Yəni pul qazanmaq, zəngin olmaq Allahın qismətidir. Amma bunu vətən, xalq üçün xeyirli işlərə xərcləmək hər kəsə nəsib deyil. Hacı Zeynalabdin Tağıyev belə insanlardan olub. Bakıda onun dəstəyi ilə tikilən bir çox binalara rast gəldik.
Azərbaycanla iş birliyimiz bu konfransla bitmədi. Azərbaycanda Atatürk Mərkəzi və AMEA Tarix İnstitutunun Azərbaycanın Şəki şəhərində keçirdiyi “Ortaq türk tarixinin yazılışı” konfransında, digər tədbirlərdə iştirak etdik. Bunlarla yanaşı Azərbaycan və Türkiyənin tarix sahəsində əlaqələrinin inkişafı üçün əlimizdən gələni edirdik. Qeyd etdiyim kimi, Qarabağ məsələsini biz öz dərdimiz kimi görürük. Ötən il fevral ayında Ankaradakı Yıldırım Bəyazid Universiteti ilə birlikdə Xocalıda qardaşlarımıza qarşı törədilən qətliamın tarixi, siyasi və beynəlxalq müstəvidə müzakirəsi və dünya gündəminə necə gətirilməsi mövzusunda fikirlərin ortaya qoyulduğu bir simpozium düzənlədik. Bu konfransda da Azərbaycan və Türkiyədən elm adamları iştirak edirdi. Bu mövzuda başqa çalışmalarımız da oldu. Konfransda iştirak edən elm adamlarının çıxışlarını kitab şəklində türk və ingilis dillərində çap etdik. Yaxın zamanda rus dilində də nəşr ediləcək. Həmçinin alman, fransız, ingilis, ispan dillərinə də tərcümə etmək istəyirik. Biz onsuz da bu hadisələri bilirik, Qarabağdakı haqsız işğalın fərqindəyik. Lakin bizim bilməyimiz kifayət deyil. Bu həqiqətləri dünya ictimaiyyətinə anlada bilməsək, deməli, özümüz deyib, özümüz eşidirik. Təəssüf ki, biz faciələrimizi unuduruq. Bəzən də öz dərdlərimizi söyləməkdən çəkinirik. Bəlkə də bu, bizim böyük millət olmağımızdan irəli gəlir. Biz bu fəaliyyətləri həyata keçirərkən də Xocalı soyqırımı haqqında üç dildə sayt da qurduq. http://www.hocalisoykirimi.org saytını daha da genişləndirəcək, ordakı məlumatları artıracağıq.
- Sizin də iştirak etdiyiniz Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi şurasının toplantısında Ankarada Xocalı soyqırımı kompleksi yaradılması məsələsi gündəmə gəlib. Bu barədə bir qədər ətraflı məlumat verərsinizmi?
- Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanmış anlaşmaya əsasən universitet ərazisində yaradılacaq. Yıldırım Bəyazid Universitetində müxtəlif ölkələrdən, o cümlədən türk respublikalarından tələbələr təhsil alırlar. Ankarada ən çox xarici tələbənin oxuduğu ali təhsil ocağı bu universitetidir. Layihə AMEA Tarix İnstitutunun elmi dəstəyi ilə həyata keçirilir. Bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 15 min kvadratmetr ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək. Orada ilk ağaclar 2018-ci ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilib. Parkda sonsuzluq işarəsi (∞) formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. Kompleksin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Esenboğa Hava Limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək. Kompleksdə Xocalı şəhidlərinin adlarının əks olunduğu qranit ulduzlar olacaq, həmçinin 16 türk imperiyasının bayraqları da dalğalanacaq. Məqsədimiz həm də bütün dünyadan gələn tələbələrin bu tarixlə yaxından tanış olmalarıdır. Bu, Xocalı faciəsi ilə bağlı tikilmiş ən böyük xatirə parkı olacaq.
Qeyd edim ki, bu il də 26-27 fevralda elm adamlarının iştirakı ilə Xocalı ilə bağlı konfrans düzənləməyi planlaşdırırıq. Qarabağ məsələsini ilin bəlli günlərində deyil, hər zaman gündəmdə saxlamaq lazımdır. Birlikdə tarixi həqiqətlərimizi daha aktiv şəkildə dünyanın gündəminə daşımalıyıq.
Mehparə SULTANOVA
Ankara