Noyabrın 6-da Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birlikdə tanınmış kinorejissor Nicat Feyzullayevin anadan olmasının 70 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq kinorejissorun yaradıcılıq aləmindən bəhs etdi. Bildirdi ki, Nicat Feyzullayev bir rejissor kimi insanları daima müşahidə edər və onların xarakteri, psixologiyası, ətrafdakılara münasibəti haqda düşünərdi. Bu, onun yaradıcılığında çox aydın hiss olunur. Çəkdiyi filmlərin sayı azdır. Ancaq buna baxmayaraq, bu ekran əsərləri insanların obrazını, xarakterini tamaşaçıya göstərmək baxımından olduqca dəyərlidir. Onun “Küçələrə su səpmişəm” bədii filmi Azərbaycan kinosunun uğurlu ekran əsərlərindəndir. Rejissorun çəkdiyi qısametrajlı və sənədli filmlər isə bədii təsvirinə, poetikliyinə, süjet zənginliyinə görə bu gün də maraqla baxılır və sevilir.
Əməkdar artist Elxan Qasımov çıxışında bildirdi ki, Nicat Feyzullayev Azərbaycan kinosunda özünəməxsus yaradıcılığı ilə seçilən kinorejissorlardan olub. O, bu sənətə böyük yaradıcılıq eşqi ilə gəlmişdi. İstedadlı rejissor yaradıcılığında həyata və insanlara ülvi sevgisini, yüksək mənəvi dəyərləri təcəssüm etdirib. O, ziyalı, incəsənətə böyük məhəbbəti olan bir ailədə dünyaya göz açıb və böyüyüb boya-başa çatıb. Ona görə də sənətə təsadüfən gəlməmişdi.
Nicat Feyzullayev 1945-ci ildə Azərbaycanın görkəmli rəssamları, əməkdar incəsənət xadimləri Lətif Feyzullayevin və Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb. O, özü də müxtəlif rəsm əsərlərinin müəllifidir.
Xatirə gecəsində Xalq rəssamı Ağəli İbrahimov, kinoşünas, professor Aydın Dadaşov, əməkdar incəsənət xadimləri Kənan Məmmədov, Nizami Abbasov və başqaları çıxış edərək rejissorla bağlı xatirələrini bölüşdülər.
Qeyd edildi ki, Nicat Feyzullayev 1970-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor assistenti kimi çalışıb. Sonra bir necə sənədli, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub. 1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxında quruluş verdiyi “Toy” novellası rejissorun diplom işi olub. O, “Yeni evlənənlər”, “Yaşa, qızıl balıq” qısametrajlı və “Küçələrə su səpmişəm” (2004) tammetrajlı filmlərinə quruluş verib. Həmçinin “Azərbaycanın memarlıq abidələri”, “Anaya məktub”, “Belə bir şəhər var”, “Məhəmməd Füzuli”, “Baba zeytun diyarında”, “Şirvanda izim qaldı”, “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filmlərini, “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. Bütün bunlara baxmayaraq, o, sənətdə öz sözünü tam deyə bilməyib. İstedadlı rejissorun hələ sənətdə deyəcəkləri sözlər çox idi. Lakin o, 2015-ci ildə yaradıcılığının coşqun çağlarında dünyasını dəyişdi.
Çıxışlardan sonra sənətkarın oğlu Aqşin Feyzullayev tədbirin iştirakçılarına və təşkilatçılarına öz dərin minnətdarlığını bildirdi. Atasının sənət dünyasından söz açdı və xatirələrini bölüşdü.
Sonda rejissorun həyat yolu və yaradıcılığından bəhs edən videoçarx və onun atası Lətif Feyzullayev haqqında çəkdiyi “Aşiqi-sadiq” sənədli filmi nümayiş olundu.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar