Yanvarın 14-də Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” jurnalının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid nəşrin ölkəmizin turizm potensialının dünyada tanıdılmasına xidmət etdiyini deyib. Bildirib ki, bu il Turizm Bürosunun Ukrayna, Qazaxıstan, Koreya Respublikası və Yaponiyada yeni nümayəndəliklərinin açılması nəzərdə tutulub. Azərbaycanı ziyarət edən turistlərlə əməkdaşlığımızı möhkəmləndirmək üçün ünsiyyətimizi xarici dillərdə aparacağıq. Çalışacağıq ki, ölkəni ziyarət edən turistlər kommersiya məqsədi güdməyən layihələrə etibar etsinlər.
Jurnalın baş redaktoru Tomas Marsden bildirib ki, Azərbaycana gəldiyi gündən bu ölkəni yenidən özü üçün kəşf edib və insanların zəngin bir mədəniyyətə malik olduğunu anlayıb. Qeyd edib ki, məqsəd regionu turistlərə tanıtmaq üçün azərbaycanlı vətəndaşların dili ilə çıxış etmək, görməli yerləri, bu ölkənin mədəniyyətini, rəngarəngliyini çatdırmaqdan ibarətdir. Vurğulayıb ki, dünyada səyahətçilər yeni ölkələr “kəşf etmək” arzusundadır.
Mərasimdə diqqətə çatdırılıb ki, jurnal ildə iki dəfə – qış-yaz və yay-payız mövsümləri üzrə nəşr olunacaq. Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat təqdim olunub.
Jurnalı onlayn formada http://bit.ly/35Qn8qu keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür.