Özbəkistanın paytaxtı Daşkənd 2022-ci ildə UNESCO-nun “Dünyanın kitab paytaxtı” layihəsinə ev sahibliyi edəcək.
UNESCO-nun baş direktoru Odri Azule Parisdə Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin nümayəndə heyəti ilə görüşündə ölkənin bu yöndə təşəbbüsünü müsbət qarşılayıb.
Agentliyin rəhbəri Komil Allomjonov bildirib ki, görüşdə özbək jurnalistlərin və blogerlərin beynəlxalq layihələrdə iştirakı, onların ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.
Odri Azule UNESCO-nun “Beynəlxalq informasiyadan ümumi istifadə günü”nə həsr olunan ilk konfransının Özbəkistanda keçirilməsi təklifinə də müsbət yanaşıb.
Qeyd edək ki, “Dünyanın kitab paytaxtı” layihəsi 2001-ci ildən həyata keçirilir. Həmin il bu adı Madrid (İspaniya) daşıyıb.
2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhəri “Dünyanın kitab paytaxtı” olub. 2020-ci ildə bu layihəyə Malayziyanın paytaxtı Kuala Lumpur, 2021-ci ildə isə Gürcüstanın paytaxtı Tbilisi ev sahibliyi edəcək.
“Dünyanın kitab paytaxtı” layihəsinə hər il 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günündə rəsmən start verilir.
Qeyd edək ki, bu il Özbəkistanın iki şəhəri ayrı-ayrı nominasiyalarda mədəniyyət paytaxtı adını daşıyacaq.
Xivə şəhəri 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Bu haqda qərar ötən ilin noyabrında Qırğızıstanın Oş şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 37-ci iclasında elan olunub. Xivə şəhəri Xivə xanlığının paytaxtı olub. Şəhərdəki V əsrə aid qədim İçan-Qala kompleksi UNESCO-nun Dünya irs siyahısına daxil edilib.
Özbəkistanın Buxara şəhəri isə bu il “İslam mədəniyyətinin paytaxtı”dır. Bu barədə qərar dekabrda Tunisdə İSESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 11-ci Konfransında qəbul olunub. Qərara əsasən, Ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan) və Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri 2020-ci il üçün “İslam mədəniyyətinin paytaxtları” elan edilib.