Kaliforniya Universitetinin alimləri məşhur italyan rəssamı Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (“Salvator Mundi”) əsərinin 3D modelini hazırlayaraq İsa Məsihinn əlindəki dünyanın yaradılışının rəmzi olan şəffaf kürənin sirrini açıblar.

Kürə arxasındakı fəzanı olduğu kimi əks etdirir, bu isə uzun müddətdir sənətşünasları təəccübləndirirdi. Çünki Leonardo da Vinçinin həm də optika qanunlarını dərindən bildiyi məlum idi.

Kompüter qrafikasının köməyi ilə aparılan tədqiqat nəticəsində məlum olub ki, rəsm əsərində içiboş, 6,8 santimetr diametrə malik şüşədən hazırlanmış kürə təsvir olunub. Onun qalınlığı 1,3 millimetrdən çox ola bilməz və kürə İsa peyğəmbərin bədənindən 25 santimetr aralı yerləşir. Alimlərin fikrincə, ancaq bu şərtlər daxilində şüşə kürənin arxadakı fonu təhrif etməməsi mümkündür.

İki il əvvəl amerikalı bioqraf Volter Ayzekson Leonardo da Vinçiyə həsr etdiyi məqaləsində güman etmişdi ki, rəssam İsa Məsihin əlindəki kürəyə “möcüzəvi xüsusiyyətlər” bəxş etməyə çalışıb. Çünki onun fikrincə, əgər o, təhrifləri olduğu kimi dəqiq versəydi, o zaman kürənin arxasındakı ovuc ya iri, ya da xırda görünməli idi.

Məlumat üçün qeyd edək ki, Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsəri 2017-ci ildə “Kristi” hərracında 450 milyon dollara satılıb.

SƏBİNƏ