Tanınmış kino rəssamı Addis Hacıyevin mühazirəsi keçirilib

Noyabrın 12-də “Azərbaycanfilm” kinostudiyasında dünya kino sənayesinin tanınmış simalarından biri, Rusiyada yaşayan soydaşımız - rəssam, aktyor, rejissor və prodüser Addis Hacıyevin “Müasir kinematoqrafda rəssam işi” mövzusunda mühazirəsi keçirilib.

Kino mütəxəssislərinin iştirak etdiyi toplantıda mühazirəçi öncə özü haqqında bilgi verib. Bildirib ki, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuduqdan sonra təhsilini Ümumrusiya Kinematoqrafiya Universitetində davam etdirib. 30 ildir kino sahəsində çalışan soydaşımızın rəssam kimi ilk işi 1986-cı ildə çəkilmiş «Dundukley» bədii filmində olub. 12 bədii filmin quruluşçu rəssamı olan A.Hacıyev teatr və reklam sahəsində də çalışdığını, çoxsaylı reklam filməri çəkdiyini deyib.
Kino sənətində rəssam işinin böyük önəminə toxunan mütəxəssis rəssamın prodüser və rejissorla işbirliyinin qurulması prinsiplərindən geniş söz açıb. O, quruluşçu, geyim, qrim rəssamlarının işinin və məsuliyyət dairəsinin müəyyənləşdirilməsi, eləcə də filmdə rəssam qrupunun işə başlaması üçün gərəkən şərtlər, işin yerinə yetirilmə və təhvil verilmə qaydaları haqqında iştirakçılara dolğun məlumat verib.
Mütəxəssis tədbir boyu çəkdiyi filmlərdən örnəklər göstərib, onları şərh edib və iştirakçıların suallarını cavablandırıb.
Addis Hacıyev 1964-cü ildə Bakıda Xalq rəssamı Altay Hacıyevin ailəsində dünyaya gəlib. Rusiya Kinematoqrafçılar İttifaqı idarə heyətinin və Rusiya Dizaynerlər İttifaqının üzvüdür. Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin nəzdindəki Moskva Ali Kino Məktəbinin “Quruluşçu rəssam” proqramının kuratorudur. “Ən yaxşı rəssam işi” nominasiyasında bir sıra beynəlxalq kinofestivalların qalibi və mükafatçısıdır.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar