bu xalqa Azad-Aydın gündüzlər qazandıran ŞANLI Gecə!...

Səs-sədaca da “ikili” idi o Gecə: total tırtıl səsləri və Milli Azadlıq sədaları...

Bu dünyada (bu mövzuca – bəşərdə) tək elə göz yaşlarının yox, söz qoşlarının da tükənməsi var, əfəndilər! Yəni, milli faciələr ildönümləri haqda illərlə yazmağın özü də fərdi bir kədər... 

Bu an bu qəbil yazılarımdan bir neçəsinin (“Qızılgül əsdi”, “Sınıq, “əlil” – lakin müstəqil qərənfil!”, “Bu məzarlar – həyat yazarlar”, “O gecəyə açıq məktub”, “Yazıya pozu...” və s.) ağı-ağrı halətindəyəm və düşünürəm: bunların hamısı birlikdə o şəhidlərin o bircə Gecədə yazdığı Azadlıq Epopeyasının yarı-yarımcan sətrinə də dəyməz!...

Bəli, ovaxtlaradək illəri “quş qanadlı” kimi təşbehləyə-müştəbehləyə gəlib çıxdıq haman bu “qış qanadlı”ya. O qanadda hamı uçdu; hətta həmin günlərdə hələ “ana bətni” vətənində olanlar da...

O gurultu-guppultulu Gecəni bu sər-səliqəli, ütü-qutulu qəzet yazısında təqdim etmək çox çətin, çox ağrılı, dərrakəcə ağır oxucum!...

Belə.

Otuz yaşı da tamamlanır o ZİRVƏlik sakinlərinin. Yalnız qədirbilənlər qəlbində yaşadıqları “gənclik”dən “ahıl”lığa qədəm qoyur onlar. O Gecəyə Ata kimi atılarkən babalıqdan, Ana kimi addımlarkən nənəlikdən, subay-salıq yürüyürkən bəylik-gəlinlikdən olacağını yaxşı bilən o həmyaş, o həmkar, o həmxiyaban yubilyarlar...

Elə ilk yarımbaşlığım da –

 

Onlara –

 

o Gecə “...hər gələn baxar, gedər” kimi “fəlsəfi”ləşdirdiyimiz bu “dünya-pəncərə”dən laqeyd baxmayanlara. Şimşək kimi çaxıb, ildırımtək küçələrə axanlara. O “qara” gözlü, atəş sözlü, “pəmbeyi-daği cünun” əndamlı Yar-Gecənin görüşünə Vətən-buta həvəsilə gedənlərimizədir baş sözüm:

– Ay bığ yeri yenicə tərləyən oğlan, o axşam deyiklinlə son olaraq görüşdünmü?...

– Təzə-tərcə nişanlanmış cavan, üzüyün tabaqda qaldımı?...

– Yenicə evlənmiş şəhid, təzəcə gətirdiyin gəlini gərdəkdə qoyub gəlmişdinmi?...

– O gidi sovet dünyasının badalaqlarına ilişib kamına gecikmiş gözaltılı! Qəlbini yarına açmamışmı getdin?!...

Bu an ikinci ildönümünüzdə bir qarının söylədiyi ən uzun dastanı da xatırladım: “Hərəsi beş arşın ağ aparıb, bu xalqa üçrəngli bayraq qoyub getdilər!”... 

Hə, sizi övlad-uşağı olmayan sonsuzlar da “oğul vay!” deyə ağlayırdı o Gecə, ay ucalar!...  

...O Səhər hamınız kürəyinizi ana torpağımıza söykəyib, qollarınızı ata sərhədlərimizə açıb, üzünüzü Tanrı dərgahına tutmuşdunuz!

Qolları budanmış birinizin çiyinləri mümküncə ucalığa – tezliklə, bir daha enməyəsi bayrağımızın asılacağı yüksəkliyə qovzanmışdı!

Tırtıl altda qalıb qırılmış qıçlar gördüm – qırımlarından “Müstəqil Azərbaycan!” şərəf-vizasıyla bu dünyanı gəzib-dolanmaqlıq yağırdı!...

Siz ey – otuz il öncə ümumxalq qurbanı olanlar! Vətən Azadlığı üçün “fəda” imzası atanlar. Milli qürur duyğularımıza, hiss-həyəcanlarımıza fəxarət nidası qoyanlar! Küçələrimizdə ürəklərindən al qanlar, bütün məmləkət içrə “yad” gözlərdən göl yaşlar axıdanlar! O gün o Qara Gecənin ayrı-ayrı anlarında Şəhid olub, iyirmi bir ay sonra bütün şahidlərimizi Milli İstiqlal baratı ilə öyündürənlər! Öncəki “70 ilçi” (“9 Yanvar – qanlı bazar Günü” vay-şivənçi) yazarları belə “20 Yanvar”çı edənlər!...  

O Gecəyədək dünya düzənliyində hərəsi bir, ZİRVƏLİKdəsə – əbədən yaşdaşlar!...

Adlarınız çeşid-çeşid, şərəf-şanlarınızsa vahid: Şəhid!...

Beşik ünvanlarınız müxtəlif, məzar məkanınızsa eyni: Şəhidlər Xiyabanı!...

“Ruhun gözü Nuhunkundan görərdir” deyiblər; yəqin şahidlərdən də yaxşı görürsüz – ovaxtdan bu xalq neynir – daha çox sizin şərəfləndirdiyiniz o Gecənin hər ildönümündə…

 

O Gecəyə:

 

– Bəsirət Gözün aydın, ovaxtlar sadəlövhlərin yalnız “müsibət”, “məşəqqət” adlandırdığı Gecə! Ciknəsindən qulaq tutulan vəhşi Gecə! Büsbütün yuxusuz, sükutsuz, sevgisiz, toysuz, musiqisiz, yaradıcılıqsız, mədəniyyətsiz Gecə!... 

Yadındamı, “qəhrəman sovet ordumuz”un əsgərləri... yox (bu adı daşıyanlar nahaq qan tökməz!), saldatları Biləcəridən şəhərə qalxarkən çəkmələrini... yox (bu da incə-mincə səslənir), sapoqlarını necə taqqıldadırdılar?! O vaxtacan “Şamaxinka” dediyimiz “Şamaxı yolu”na çataçatda qarşılarına əliyalın çıxan gənclərə xəbərdarlıq etmədən necə atəş açırdılar? Qaçıb ağaclar arxasında daldalanmaq istəyən bir yeniyetmə oğlanın qarasına bütöv bir avtomat darağı boşaldıb, dəlmə-deşik etmələrini də xatırlayırsanmı, ey bu gün otuz, sabahlarsa əbədi yaşlı qanavar Yanvar?!...

Əvvəlki bir çox “həmkarlarını” da xatırla, müdhiş və mübarək Gecəmiz! Öz sahiblərinin “qırmızı” (“krasnaya”) adlandırdığı, bizimsə “qızıl” (“Qızıl Meydan”, “XI Qızıl Ordu”) ifadələrilə təltiflədiyimiz kimsə-nəsnə-nəmənələrin törətdikləri hoqqaları deyirəm... 

Səndən düz 70 il öncə “parlaq” süngülərlə Bakıya soxulan XI qırmızı ordunun zireh-qatarını xatırla. Cəllad qələmindən çıxmış “37”, “ÇK”, “NKVD” sibir-sürgünlərini an. Cavidləri, Müşfiqləri aparan gecə-gündüzləri, axşam-sabahları, vaxt-bivaxtları yada sal, ey mənhus Tiranlıq Gecəsi!...

Həmin o “XI Qızıl Ordu” meydanında “Təcili yardım”dan düşüb, yerdə çapalayan nəhəng gövdəli bir cavana yaxınlaşan şəfqət bacısını – o zəif qızcığaz-zərif vətənpərvəri böyür-başına yağdırdıqları güllə yağışıyla yağır-bağır etdiklərini də yada sal... 

Dəmir yol vağzalında gecələməli olmuş bir gülsatan oğlanın asfalt üstündə qərənfil ləçəklərilə yazdığı “Elnən gələn vay...”  sözlərini, güllələndiyinə görə, tamamlaya bilməməsini də göz önünə gətir və de: “toy-bayramdır”!...

Sən ən böyük bir milli dövrandın, ey tarix hesab-kitabıyca “bir an”lıq 20 Yanvar Gecəsi! Pəpə yeyəndən “məmə” deyənə – hər kəs, hamı əzəmətli “Müstəqillik Simfoniyası”nın ifaçısına çevrildi Səndə!...

 

Vətənə:

 

Bir balaca söz çilləsilə...

Sabahın, axşamın, bu millətin tale odasında daim şölələnəsi ağ şamın və ...hələlik otuz ildir o müqəddəs ünvanın şərəf-şanını ziyarətçün küll-axışın mübarək, Məmləkətim!

Sübh-tezdənədək gülləbaran çil-çırağına tutulmuş bir Gecəsində, iki yüz illik təşnə-hamiləliyinə həmlə edilmiş Vətənim!

Sən necə qənirsiz Gözəl, necə sevgili Canan, nə tür yaraşıqlı Yarsan ki, aşiqlərindən heç biri səni bir-birinə qısqanmır?! Hamı istəyir ki, səni hamı sevsin, ay ümumelli, ümumxəlqi, ümummilli Sevgilim!...

Sən o zil qaranlıqda elədən-belə, belədən-elə çovuyan o işıldaquş, o bayquş güllələrə könül verməsəydin, o son əsarətdən bu ərəsətliklə qurtula bilməzdin, Ölkəm!...    

Fərqindəydin yəqin; “kütlə” nominasiyasından sayılan sürücülər belə maşınlarını zirehli qan-qadalar üstünə sürürdü. Təbiblər xalqın həbibinə çevrilmişdi. Şəfqət-şərafət bacıların “Aslanın erkəyi, dişisi olmaz” zərb-məsəlinin mülki-tibbi-hərbi abidəsini yaradırdılar. Hətta oğrular, cibgirlər də Sənin bu ümummilli hüznünün “qırx”ı (bəziləri “il”i) çıxanadək əllərini dinc qoyub, mayalarından yedilər...

Sən ən maarifçi bir Gecə yaratdın, özgürlük Universiteti təsis etdin, Ulusum! Uzun illərin imper-semestr imtahanlarına tutuquşu cavablar vermək zorundan sıyrılıb, əsl-nəsil dövlət imtahanına vardın. 1991-in 18 oktyabrında bütün universitetlərin fövqündə dayanan Müstəqil Milli Şərəf Universitetini əla-ali qiymətlə bitirib, “öz əli, öz başı” dövranına qədəm qoydun!

Sən ən dini, ən mömin, şəhid-şühəda, qazi-mücahid meydanı idin o dəmlər! Məlum və “məşhur” allahsızlıq dövranının təbliğatına uyanlar belə, o zülm-zülmət qaranlıqda əllərini göyə qovzayıb millətinə dua etdi, ümmətinə nicat dilədi. Süfrələri aylarla ət görməyənlər xeyir işlərçün saxladığı toy toğlularını belə kəsib, mübarək şəhidlərin ruhuna ehsanlar verdilər...

Sənin o Gecən həm də bizim ən siyasi-elitar anımız idi. Bu millətin açıq hava-meydanda toplanmış Milli Məclisi idi. Hər kəs özlüyündə, öz qafasında dövrün   Ali Sovetindən büsbütün qeyrətli mövqe tutub, namuslu qərarlar qəbul edib, fövrən icrasına başlayan bir millət vəkili idi...  

Bu an Sənin mübarək hüznünün ilk ildönümünə hazırladığım “Qızıl gül əsdi...” tele-süjetimi də xatırlayıram; xiffət səsli, ülfət sədalı Rübabə xanımın bəlli “Qaragilə”sindəki melodik misralar üstə (“Təbrizin küçələri dolanbadolan” əvəzinə, “Bakının küçələri bulanbabulan!”) publisistik gəzişmələrimi...  

Salam-salyutlar, o Gecəsinin öncəsi yaralı, nəticə-soncası istiqlallı Vətən! İllər uzunu sinəsi Mərkəzin istehsalat orden-medalları, həmin Gecə isə al-qırmızı qurşunlarıyla “bəzənən” Məmləkət!  

Amma itirən bəzəyən – məsafəcə uzaq, “böyük qardaş”lıqca “yaxın” Mərkəz oldu, qazanansa, yarı zor, yarı xoş bəzənən Sən – cənab Azərbaycan!...

Nəhayət, –

 

Şahidlərə:

 

– Onlar bu xalqın istiqlal süfrəsində fəda şərbətini içəli, Azadlıq uğrunda canlarından keçəli, bizlər hansı mənəvi-tənəvi borclar içində, sayın soydaşlar? Başdaşıları ən müqəddəs Vətən daşları sayılan o rəhmətliklərin neçə-neçə tarixi bölgələrimizin siyahısına qoşulmaq təhlükəsi yaşayan Qarabağ amanatının fərqinə kifayət qədər varırıqmı?...

Bu an, bu (milli dərd-sərlərimizin mətbu çözüm uzmanı Mirzə Cəlil ibarəsiycə desək) heynidə də, başlanğıcda iki-üç gəz vurğulamalı olduğum “ikili”lik məsələsi aktivləşir. Söhbət bu qədər yüksək dəyər-əyarda olan ümummilli olay zərərdidələri barədə ikili ictimai rəydən – bir çox sabiq (və az-maz müasir) müdirçə-rəisçə-məmurçaların şəhid simsarlarına, problemli qazilərə “səni, onu mən göndərmişdim?!” sual-nidalarından gedir...

Nəysə...

Son yüz ildə hələ də “ən” təyin-tamamlıqlı baş Qəzan qutlu, Vətən!...

Tahir ABBASLI