Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində Sevinc Ağa Xəlilqızının (Basqallı) “Əlvida söyləmədən...” kitabının təqdimatı keçirilib.
Kitabda Dağlıq Qarabağda baş vermiş hadisələrdən və Qarakənd faciəsindən (1991-ci ilin 20 noyabrında içərisində dövlət rəsmilərinin, ictimai xadimlərin olduğu helikopterin ermənilər tərəfindən vurulması – red.) bəhs edilir. Müəllif xatırladır ki, bugünkü Ermənistan ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Zəngəzur, Dərələyəz, İrəvan, Göyçə mahalı, Göyçə gölü bizim ata-baba yurdlarımızdır. Kitabda şəhidlər haqqında məlumatlar əks olunub, şeirlər verilib. Qarakənd faciəsi haqqında povest də kitabda yer alıb.
Kitabın məsləhətçiləri – BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Tahir Cəfərli və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, nəşrin redaktoru, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Dəyanət Osmanlı və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər. Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş bədii hissə ilə davam edib.