AMEA Nəsimi adına Dilçilik İnstitutunda “İmadəddin Nəsimi – dili və üslubu” adlı monoqrafiya çap olunub. Kitabın müəllifləri professor Sevil Mehdiyeva, dosent Türkan Əsgərova və Şahnazxanım Şükürzadədir.

Tədqiqat zamanı mənbə kimi Nəsiminin Azərbaycan-türk “Divan”ı materialları linqvistik araşdırmalardan keçirilib. Kitabda qeyd olunur ki, Nəsimi XIV əsr Azərbaycan ədəbi dilinin ən nəhəng şairidir. Nəsiminin böyüklüyü onda idi ki, o, bütün mürəkkəb fəlsəfi fikirlərini doğma ana dilində yazıb və bununla türkcəmizə ədəbi dil səlahiyyəti verib, ədəbi dili xəlqi söz və ifadələrlə zənginləşdirmək missiyasını uğurla yerinə yetirib.

Akademik Nizami Cəfərov və professor Nizami Xudiyevin redaktorluğu ilə çap olunan kitab Azərbaycan klassik ədəbiyyatı, dili və üslubuna maraq göstərənlər, tədqiqatçılar, filoloq-tələbələr, Azərbaycan ədəbi dilinin tarixi mütəxəssisləri, ali və orta məktəb müəllimləri üçün elmi qaynaq kimi faydalı ola bilər.

S.QALİBOĞLU