Moskvadakı “Baku” kinoteatrında görkəmli sovet alim-mühəndisi, general Kərim Kərimova həsr edilmiş “Ucalıq” sənədli filminin təqdimatı olub.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin rejissoru, Xalq artisti Vasif Babayevi təqdimat münasibətilə təbrik edərək vurğulayıb ki, bu film bütün azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Diplomat deyib: “Azərbaycanda uzun müddət bilmirdilər ki, Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri bizim həmyerlimizdir. Yalnız o, təqaüdə çıxandan sonra bu informasiyanın ictimaiyyətdən sirr kimi saxlanmasına son qoyuldu”.
Səfirin sözlərinə görə, azərbaycanlılar fəxr edirlər ki, onların həmvətəni SSRİ-də kosmonavtikanın inkişafının banilərindən biri olub. O, xatırladıb ki, Moskvadakı 157 nömrəli məktəbin azərbaycanlı generalın adını daşımasının böyük rəmzi mənası var, çünki gənclər Kərim Kərimov kimi görkəmli şəxsiyyətləri tanımalıdırlar.
Generalın nəvəsi Kərim Kərimov filmin müəlliflərinə təşəkkürünü bildirərək deyib: “Siz bu filmi yaratmaqla dünya kosmonavtikasının tarixinin öyrənilməsinə töhfə vermisiniz. Mənim babam Kərim Kərimov daim bu tarixin ayrılmaz hissəsi kimi qalacaq”.
Filmin rejissoru Vasif Babayev, operator Elçin Abdullayev general Kərim Kərimovla şəxsi görüşlərini xatırlayıblar.
Qeyd edək ki, noyabrın 13-də “Ucalıq” sənədli filmi Moskvadakı Kosmonavtika Muzeyində də nümayiş etdirilib.
Nümayişdən əvvəl rejissor Vasif Babayev filmin necə ərsəyə gəlməsi, baş qəhrəmanın tutduğu vəzifənin spesifikası ilə əlaqədar uzun illər boyu ictimaiyyət üçün qapalı olan materialları axtarıb tapmağın çətinlikləri barədə danışıb. Qeyd edib ki, Kərim Kərimov haqqında “Xahiş edirəm, hazırlıq barədə məruzə edin” adlı ilk filmini hələ 1988-ci ildə çəkib. Sonrakı illərdə kosmonavtika mövzusuna dəfələrlə müraciət edən kinorejissor televiziya üçün bu mövzuda verilişlər hazırlayıb. General Kərim Kərimov da tez-tez bu verilişlərin qonağı olurdu. Azərbaycan televiziyasının arxivlərində kosmonavtika haqqında çoxlu maraqlı videomateriallar var.
Təqdimat mərasimində kosmonavtlar Aleksandr İvançenko, Vladimir Canibekov, Viktor Savinıx, Viktor Qorbatko, Aleksandr Aleksandrov, praktik kosmonavtikanın banisi Sergey Korolyovun qızı Natalya Korolyova, Kərim Kərimov haqqında “Tam məxfi general” kitabının müəllifi Yekaterina Beloqlazova, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Almaz Sultanzadə, filmin operatoru Elçin Abdullayev və başqaları kosmonavtikanın inkişafına həmvətənimizin verdiyi sanballı töhfələr barədə danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar