Deyirlər ki, kino ağıl, ürək və düşüncə sənətidir. Çəkəcəyin filmə bütün bacarıq və istedadını həsr edirsənsə, bu, sənət sevgisindən yaranan bir əsər olur, insanların qəlbinə yol tapır.

Qəlbinin bütün arzularını, düşüncələrinin ən mükəmməlini rejissoru olduğu filmlərə verən Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov 50 ilə yaxındır ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışır. Bu illərdə 50-dək filmdə ikinci rejissor kimi çalışıb. Çəkiliş meydançasında Akif müəllimi izləyərkən onun işinə necə ürəklə və hansı tərzdə yanaşdığının şahidi oluruq və rejissor bizə kinonun, həqiqətən də, ağıl, ürək və düşüncə sənəti olduğunu sübut edir. Belə bir fikir də var ki, peşəsini tam mənimsəyən insan onun mürəkkəbliyini, sirrini aça bilir. Akif Rüstəmov da rejissor çalışdığı bütün filmlərdə peşəkarlığın məğzini anlatmağı bacarıb.
Akif Rüstəmov 1945-ci il oktyabrın 27-də Bakıda anadan olub. Gözünü açanda müharibə görməsə də, qanlı savaşın ağrılarının, acılarının şahidi olub. Atası neftçi, anası evdar qadın olan Akif uşaqlıqdan kinoya bağlanıb. Bir gün kinoteatrda baxdığı “Onlar əsgərlərin ardınca gedirdilər” adlı italyan filmi, sözün əsl mənasında, onun qəlbini ovsunlayıb və gələcək sənət yolunu müəyyənləşdirib. 1968-ci ildən kinostudiyada rejissor assistenti kimi işə başlayıb. Görkəmli kinorejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filmində adı ilk dəfə titrlərə yazılıb.
Bugünlərdə Akif müəllimlə əlaqə saxlayıb, ömür və sənət yoluna nəzər saldıq. Ötənlərdən söhbət açan rejissor zamanın bir göz qırpımında ötdüyünü deyir. Deyir ki, hərənin qismətinə bir peşə yazılır, onun da qisməti yəqin rejissorluq imiş.
Onun filmoqrafiyasında ikinci rejissor kimi Azərbaycan kinosunun ən çox sevilən filmləri yer alır. “Dədə Qorqud”, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Gün keçdi”, “Dərviş Parisi partladır” və onlarla yaddaşlara yazılan film. Ərsəyə gələn hər bir ekran əsərinin uğuruna o da sevinib, kino tarixinə yeni səhifənin yazılmasına ürəkdən şad olub.
Rejissor deyir ki, sovet dövründə quruluşçu rejissoru filmin “müdafiə nazir”i, rejissoru “qərargah rəisi” adlandırırdılar: “Həm yaradıcılıq, həm təşkilatçılıq rejissorun üzərinə düşür. Buna görə də işlədiyim 50-yə yaxın filmdə hər zaman aktyorlarla dil tapmağı, məkan seçimlərində diqqətli olmağı, bir sözlə, film təhvil verilənə qədər onun keşiyində dayanmağa çalışmışam”.
Ekran əsərinin sevilməsi üçün çəkiliş meydançasında əlindən gələni əsirgəməyən, hər yeniliyi qəbul edərək filmdə tətbiq etməyə çalışan rejissor, sözün əsl mənasında, kino adamıdır. Səmimiyyət, təvazökarlıqla bərabər, Akif Rüstəmovun qəlbinin dərin qatlarından çəkmək istədiyi filmlərin kadrları boylanır. Müsahibələrinin birində “Quruluşçu rejissor kimi film çəksəydiniz hansı janra müraciət edərdiniz” sualını belə cavablandırıb. “Əgər mənə belə bir təklif eləsəydilər, müharibə haqqında psixoloji film çəkərdim”.
Arzu edirik ki, rejissorun bu arzusu da reallaşsın. Sənətkarı 70 yaşı münasibətilə təbrik edir, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq. Tanrı ona ürəyi istədiyi qədər ömür versin.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar