Onlar 13 nəfər idilər – Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsinin 13 məzunu. Azərbaycanın görkəmli teatr-kino rejissoru, aktyoru və pedaqoqu Adil İsgəndərovun kursunu bitirən kimi onların hamısını təyinatla Lənkərana teatr açmağa, daha dəqiq desək, bu cənub şəhərində vaxtilə fəaliyyət göstərmiş Dövlət Dram Teatrının işini bərpa etməyə göndərmişdilər.
Onlardan üç nəfər – sədaqətli ömür-gün yoldaşları olan Xalq artisti Böyükxanım Əliyeva ilə Əməkdar artist Təvəkkül Əliyev və bir də uzun müddət bu sənət ocağına rəhbərlik edən Əməkdar artist Elşad Zeynalov həmişəlik öz talelərini Lənkəranla bağladılar. Elşad Zeynalov 2006-cı il yanvarın 5-də 55 yaşında haqq dünyasına sakin oldu. On bir il sonra, 2017-ci ilin 23 yanvarında isə Təvəkkül Əliyev əbədiyyətə qovuşdu...
Təvəkkülü Lənkəranda hamı tanıyır və sevirdi. O da qarşılıqlı olaraq bu diyara qəlbən bağlanmış, özünə çoxlu dost qazanmışdı. Əslən Neftçala rayonundan olmasına baxmayaraq, söhbət düşəndə zarafatyana Talış dağlarını göstərib: “Odur ey, oralıyam – o dağlar Vətənimdir”, – deyərdi.
Onu teatrda aktyor kimi işə başladığı dövrdən tanıyırdım. İndiki kimi yadımdadır. 1973-cü ilin dekabrın 6-da yenicə fəaliyyətə başlayan Lənkəran Dövlət Dram Teatrının tamaşa zalına iynə atsaydın yerə düşməzdi. Tamaşaçılar – kəndli-şəhərli hamı teatrın ilk tamaşasına baxmağa gəlmişdi. Onların arasında Bakıdan dəvət olunan tanınmış sənətçilər, ziyalılar, o cümlədən tamaşaya qoyulan “Yaxşı adam” əsərinin müəllifi rəhmətlik Mirzə İbrahimov da vardı. Gənc aktyor Təvəkkül Əliyev teatrın pərdəsini açaraq titrək addımlarla səhnənin qarşısına çıxdı və özünəməxsus gur səslə Lənkəran Dövlət Dram Teatrının fəaliyyətə başlaması münasibətilə tamaşaçıları təbrik etdi. Daha sonra sürəkli alqışlar altında tamaşa başlandı. Həmin gün gənc aktyorların hamısı rollarının öhdəsindən layiqincə gəldilər. Təvəkkül Əliyev isə Azər rolunun ifası ilə teatra parlaq fərdi xüsusiyyətlərə malik bir aktyorun gəldiyini nümayiş etdirdi. İllər ötdükcə xaraktercə bir-birindən fərqli rollarda çıxış etdi, tamaşaçılarını gah güldürdü, gah düşündürdü, gah da göz yaşları axıtmağa sövq etdi. Tamaşadan-tamaşaya özü də inkişaf etdi, püxtələşdi.
İş elə gətirdi ki, günlərin bir günü Lənkəran teatrında çalışmağa başladım və bundan belə Təvəkkül Əliyevin yaradıcılığını daha yaxından izləmək imkanı əldə etməklə yanaşı, həm də onun iç dünyasını tanıdım. Son 5-6 ildə isə bizi onunla mehriban dostluq telləri bağlamışdı.
Təvəkkül məsuliyyətli aktyor idi. Rolunun üzərində az qala əsirdi. O, istənilən obrazı sadəcə səhnədə ifa etməklə işini bitmiş hesab etmirdi. Hələ məşq prosesində rolun məxsus olduğu tarixi şəraiti, mühiti öyrənib mənimsəyirdi. Söhbət düşəndə deyirdi ki, məni Lənkəranda saxlayan tamaşaçı məhəbbəti və qayğısı olub: “Bəzən Böyükxanımla (ömür-gün yoldaşı, Xalq artisti Böyükxanım Əliyeva – müəl.) bir neçə günlüyə Bakıya getmişik, amma Lənkəran üçün, tamaşaçılarımız üçün darıxdığımızdan müddətdən əvvəl geri qayıtmışıq. Qürur hissi keçirirəm ki, məhz bu teatrın səhnəsində öz sözünü demiş, püxtələşmiş aktyor səviyyəsinə ucala bilmişəm. İndinin özündə belə yolda, küçədə tamaşaçılarla qarşılaşarkən onlar bizə oynadığımız rolların adları ilə müraciət edirlər. Belə tamaşaçını necə sevməyəsən? Belə şəhəri, belə teatrı necə tərk edəsən?”.
Doğrudan da o, ömrünün sonuna kimi Lənkəranı tərk edib heç bir yerə getmədi. Teatrın səhnəsində isə 100-dən artıq rolda çıxış etdi: Aydın (C.Cabbarlı, “Aydın”), Yıldırım Bəyazid (H.Cavid, “Topal Teymur”), Anton Antonoviç (N.Qoqol, “Müfəttiş”), Ezop (G.Fiqereydo, “Ezop”), Nəcəf bəy (Ə.Haqverdiyev, “Dağılan tifaq”), Şeyx Nəsrullah (C.Məmmədquluzadə, “Ölülər”), Zaur (Anar, “Təhminə və Zaur”), Mahmud (Elçin, “Mahmud və Məryəm”)...
Bu obrazların hər biri ayrılıqda bir tədqiqat materialı səviyyəsindədir və biz onların hamısının təhlilini vermək fikrindən uzağıq. Amma bir neçə rol üzərində dayanmağı məqsədəuyğun hesab edirik.
Xalq şairi Nəbi Xəzrinin “Sən yanmasan” əsərinin tamaşasında T.Əliyevin ifa etdiyi Eldar obrazı barədə Lənkəranın yaşlı tamaşaçıları bu gün də xoş xatirələrlə söz açırlar. O, obrazın daxili aləmini özünəməxsus cizgilərlə açaraq, təkcə müsbət xarakterini deyil, eyni zamanda həm də mənfi xüsusiyyətlərini göstərməyi bacarırdı. Aktyor Eldarın simasında daxilən çürük, buqələmun kimi rəngdən-rəngə girən tiplərin ümumiləşdirilmiş obrazını yaratmışdı.
Yazıçı Məmmədhüseyn Əliyevin “Ana fəryadı” tamaşası da Lənkəran teatrının tarixində xüsusi yer tutur. İkinci Dünya müharibəsinin minlərlə ailəyə bədbəxtlik gətirdiyini əks etdirən bu səhnə əsərində “qara kağız”ı gəlmiş İlyasın (Təvəkkül Əliyevin) on beş ildən sonra doğma yurda qəfil qayıdışı onun doğmalarının həyat tərzini tamam alt-üst edir. İlyasın arvadı onun anası Bəyimin təhriki ilə artıq xalası oğluna ərə gedib. Mövcud vəziyyətdən hamı çaş-baş qalıb. Bütün ailə İlyasın yanında özünü günahkar saydığından hamı onun gözündən qaçır. Belə məqamda İlyas heç vaxt üzünü görmədiyi doğma qızı Mirvari ilə söhbətləşib dərdləşir. Daha sonra İlyas (T.Əliyev) tənhalığa çəkilir, fonoqram ilə səhnədən onun daxili monoloqu səslənir. Onun sifətindəki cizgilər qəhrəmanının müharibədə necə böyük əzab-əziyyətlərdən keçdiyini, göz yaşları isə öz acı taleyi üçün daxilən vay-şivən qopardığını göstərir. Bu obrazı ilə T.Əliyev həm də sözsüz səhnələrin mahir ifaçısı olduğunu sübuta yetirir.
Təvəkkülün son ifası isə Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşasında Midiya hökmdarı Astiaq obrazı oldu. Aktyor qanı-canı bahasına bu obrazı yaratmış, istedadının bütün coşqunluğu ilə Astiaqın ziddiyyətlərlə dolu həyatını açıb göstərməyi bacara bilmişdi. Ölümündən cəmi üç gün əvvəl də bu obrazda səhnəyə çıxmışdı. Yanvarın 23-də o, 43 ildən bəri canından da çox sevdiyi səhnəyə yenidən qayıtmalı oldu. Amma bu dəfə – sonuncu tamaşanın müəllifi də, ifaçısı da özü idi. Yenə də qədirbilən dostları, pərəstişkarları onun yanında idilər, onu alqışlayırdılar. Amma bu alqışlar göz yaşlarına qarışmışdı. Tamaşaçılar sevimli aktyorlarını son mənzilə yola salırdılar...
Teatrda hazırlanan tamaşaların əksəriyyətində baş qəhrəmanı oynamaq Təvəkkülün qismətinə düşmüşdü. Ürəyində bir arzusu da var idi: Kral Liri oynamaq. Amma ömür ona bu arzusunu gerçəkləşdirməyə imkan vermədi.
Son illər o həm də kino aktyoru kimi tanınmış, bədii filmlərdə, teleseriallarda maraqlı rollarda çəkilirdi. Ümumilikdə 15 filmdə müxtəlif səpkili rolları ifa edib. Onun kinoda axırıncı işi “Əli və Nino” filmində olub. Burada aktyor məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradıb. Daha bir neçə filmə də dəvət almışdı...
Qeyd edək ki, Təvəkkül Əliyev özünü həm də rejissura sahəsində sınayıb. Əsasən də uşaqlar üçün tamaşalar hazırlayardı. Təvəkkül mənim də üç əsərimə quruluş vermişdi. İş prosesində onun necə tələbkar sənətçi olmasının bir daha şahidi olmuşdum. “Mən hər şeydən əvvəl aktyoram, – deyirdi. – Amma ara-sıra teatrda tamaşa hazırlamaq isə mənim təcrübəmdən irəli gələn bir işdir. Rejissor vəzifəsinin məsuliyyəti böyükdür və mən belə bir yükün altına girməyə cürət etmərəm”.
T.Əliyev həmçinin gənc aktyorların hamisi idi. Biliyini, təcrübəsini heç kimdən əsirgəmirdi. Onun gözünün qarşısında onlarla aktyorun püxtələşməsinə, teatr sənətinin sirlərini əxz etməsinə uşaq kimi sevinərdi.
65 illik ömrünün 43 ilini səhnə sənətinə həsr edən Təvəkkül Əliyev həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, mehriban ata və baba idi. Heyf ki, ölüm onu aramızdan tez apardı. Lənkəran tamaşaçısı artıq üç ildir ki, onsuz qalıb. Amma əziz xatirəsi unudulmur və illər keçsə belə unudulmayacaq. Təvəkkül Əliyev yaratdığı səhnə obrazları, filmlərdəki rolları ilə xatirələrdə əbədi yaşayacaq.
Məzarın cənnətməkan olsun, əziz dost!
Ağaddin BABAYEV,
Lənkəran Dövlət Dram Teatrının ədəbi-dram hissə rəhbəri