Prezident İlham Əliyev yanvarın 23-də Mixail Solomonoviç Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mixail Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, yanvarın 23-də həmvətənimiz, məşhur bakılı, tanınmış jurnalist Mixail Qusmanın 70 yaşı tamam olub.
Azərbaycan Prezidenti bu münasibətlə yubilyara təbrik müraciəti də ünvanlayıb.
“Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.
Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.
Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm”, – deyə təbrikdə vurğulanır.