Fevralın 17-dən 24-dək Bakıda gənc ifaçıların “World harmony” növbəti beynəlxalq klassik və folklor musiqisi müsabiqəsi keçiriləcək.

Müsabiqə “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq.

Müsabiqənin məqsədi klassik və folklor musiqisinin populyarlaşdırılması və təbliğidir. Müsabiqədə solo vokal, instrumental alətlər, akademik və milli xor kollektivləri iştirak edə bilər.

Filarmoniyadan bildirilib ki, müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada respublikamızla yanaşı, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Ukraynadan ifaçı və kollektivlərin iştirakı gözlənilir.

Müsabiqə ərəfəsində peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.