Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin ucaldılması üçün mərkəzi parkların birində ərazi ayrılıb.
Bu barədə şəhər meri Gennadi Kernes Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə məlumat verib. N.Gəncəvinin bəşəri şəxsiyyət olduğunu deyən G.Kernes onun heykəlinin ucaldılmasının Xarkov sakinləri və xarici qonaqlar üçün maraq yaradacağını bildirib. Mer yaxın vaxtlarda müvafiq sənədlərin səfirliyə təqdim olunacağını qeyd edib.
A.Xudiyev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində uğurlu layihələr həyata keçirilir. İki ölkənin regionları arasında əməkdaşlıq daha da gücləndirilməlidir. “Ukraynada Azərbaycanın dahi şəxsiyyətlərinin heykəllərinin ucaldılması ilə bağlı artıq yaxşı təcrübə var. Son iki ildə Kiyevdə Müslüm Maqomayevin və Nəsiminin heykəlləri ucaldılıb”, – deyə səfir əlavə edib.
Mer söhbət əsnasında Azərbaycan şirkətlərini Xarkovda infrastruktur layihələrinin reallaşmasında iştirak etməyə dəvət edib.