Bruklin-Bakı Dostluq Assosiasiyası bu istiqamətdə fəaliyyətini davam etdirəcək
Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Yusim Rozental və AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümov ilə görüşüb.
Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri və 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyası və AZZEM Beynəlxalq Fondunun Azərbaycan mədəniyyətinin, mədəni irsinin təbliğində rolunun yüksək qiymətləndirildiyini qeyd edib.
Nazir hər il Nyu-Yorkun Bruklin rayonunda keçirilən “Beynəlxalq dostluq günü”nə böyük maraq olduğunu və Azərbaycanın bu tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu bildirib.
Marietta Rozental öz növbəsində hər il Bruklində Azərbaycan həftəsinin də təşkil edildiyini, bu tədbirlər çərçivəsində ölkəmizin mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folkloru, musiqisi və rəqslərinin nümayiş olunduğunu diqqətə çatdırıb. O, Mədəniyyət Nazirliyi tərəfindən bu tədbirlərin təşkilində göstərilən dəstəyə görə minnətdarlığını bildirib, bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını deyib.
Əbülfəs Qarayev ölkəmizin mədəniyyətinin təbliği istiqamətində işlərə bundan sonra da Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini vurğulayıb.
Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.