Beynəlxalq Muğam Mərkəzinin geniş tamaşaçı marağı doğuran “Muğam axşamları” layihəsinin növbəti konserti yanvarın 25-də reallaşacaq.
Proqramda xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov və Nisbət Sədrayeva “Çahargah” muğamını təqdim edəcəklər.
Qeyd edək ki, layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilir. Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamımız təqdim edilib.
Layihənin ilboyu davam edəcək konsertlərində “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbarı”, “Osmanlı”, “Heydəri”, “Bayatı-Qacar”, “Mahur-hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzə Hüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı-Kürd”, “Kürd ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi” muğamları təqdim olunacaq.