Bakının mərkəzində, Dağüstü Parkın yaxınlığında (Lermontov küçəsi 3) bir muzey var. Dünyada bu qəbildən muzeylər barmaqla sayılacaq qədər azdır. Paytaxtımızın muzeyləri silsiləsindən bu dəfə Təbiət Tarixi Muzeyi barədə söhbət açacağıq.
Düzü, təbiət soraqlı ünvanı tapmaqda bir qədər çətinlik çəkdim. Yaşayış binasının altında yerləşdiyindən və ətrafda həmin məkanın muzey olduğunu göstərən heç bir nişanə olmadığından onlayn bələdçinin köməyi ilə niyyətimin mənzilinə çatdım. Muzeylə tanışlıqdan sonra əmin oldum ki, onu tapmaq üçün çətinliyə dəyərmiş...
***
Muzeyin direktor müavini, Əməkdar mədəniyyət işçisi Obrik Zeyniyev ilk olaraq müəssisənin tarixi haqqında qısa məlumat verdi. Bildirdi ki, ötən əsrin 20-ci illərində fəaliyyət göstərən Dövlət Muzeyində tarix, təbiət və mədəniyyət bölmələri olub. Muzeydəki təbiət bölməsinin bazasında 1937-ci ildə Təbiət Tarixi Muzeyi yaradılıb. 1944-cü ildə muzeyə milli mətbuatımızın banisi, təbiətşünas alim, mütəfəkkir Həsən bəy Zərdabinin adı verilib. Muzey 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun tərkibində fəaliyyət göstərir.
45 min yaşlı kərgədan skeleti, yalançı dişli quş...
Muzey geologiya və zoologiya şöbələrindən ibarətdir. Geologiya şöbəsində Azərbaycanın geoloji və tektonik quruluşu barədə məlumatlar, müxtəlif xəritə və diaqramlar, geniş miqyasda yayılmış filiz və qeyri-metal yataqlarından əldə olunmuş minerallar və süxurlar, həmçinin çökmə süxur nümunələri nümayiş etdirilir.
Zoologiya şöbəsində isə müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri, Azərbaycan florasını əks etdirən tablolar təqdim edilir. Onurğasız heyvanlar kolleksiyasında süngərlər, dərisi tikanlılar, yumşaqbədənlilər, buğumayaqlılar və s. yer alır. Muzeydə onurğalılar yarımtipinin bir neçə sinfinə – suda-quruda yaşayanlar, sürünənlər, balıqlar, quşlar və məməlilərə yer ayrılıb. Qoruq şəraitində saxlanılan və adı “Qırmızı kitab”a düşmüş 20 heyvanın müqəvvası muzeyin “qızıl fond”una daxildir.
Muzeydə Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və s. kolleksiyalarda bir neçə dövrü əhatə edən eksponatlara rast gəlmək mümkündür. Paleozoy erasına aid mərcan poliplərindən tutmuş 45 min yaşı olan kərgədan skeletinə qədər müxtəlif nümunələr böyük maraq doğurur. Yalançı dişli quş da nadir tapıntılar arasındadır. Belə eksponatlar sırasında ölkəmizin şimal bölgəsindən tapılmış Sarmat dövrünə aid heyvan qalıqları da var. Maraq doğuran eksponatlar içərisində hazırda mövcud olan heyvanlardan kenquru, şir, at, zebra, ayı skeletləri də diqqət çəkir.
Muzeyi yalnız “Ranco La Brea” ilə müqayisə etmək olar
Direktor müavini muzeyin fondunda 100 minə qədər eksponatın olduğunu deyir. Bildirir ki, məkan geniş olmadığına görə ekspozisiya zalında yalnız 20 minədək nümunə təqdim edilir. Ölkəmizdə aparılan qazıntılar nəticəsində tapılan sümüklərin əksəriyyəti muzeydə nümayiş etdirilir və öyrənilir.
1938-ci ildə Binəqədi ərazisindəki qır gölündə aparılan tədqiqatlar nəticəsində minlərlə fauna nümunəsi aşkar edilib. Həmin qazıntıdan toplanan kolleksiya içərisində 113 növ məməli, 112 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 120 həşərat, 22 növ bitki qalıqları yüksək elmi dəqiqliklə öyrənilib. Sümüklərin təsviri ilə əlaqədar monoqrafiya və məqalələr nəşr edilib.
Onurğalı fauna qalıqları üzərində aparılan tədqiqatlar göstərir ki, xırda gəmiricilərin sümüklərinin bir hissəsi yağış və sel nəticəsində yerlərini dəyişib. Kolleksiyada dovşanlar, dəniz kirpiləri, yereşən, siçan kimi xırda gəmiricilərin qalıqları toplanıb. Ekspozisiyadakı müqəvva və skeletlər, quşların yuvaları və yumurtaları böyük maraq doğurur.
Həmsöhbətimiz qeyd edir ki, Binəqədi dördüncü dövr fauna və florası ən məşhur tədqiqat obyektidir. Onu yalnız ABŞ-ın Los-Anceles şəhərindəki məşhur “Ranco La Brea” muzeyi ilə müqayisə etmək olar. Lakin Binəqədi qır gölündə aşkar edilən fauna və flora nümunələrinin daha qədim olduğu güman edilir. “Ranco La Brea”dakı eksponatların maksimal yaşı 15 mindən başlayır, buradakı eksponatların arasında isə 40 mindən 120 minədək yaşı olanlar var.
Obrik Zeyniyevin sözlərinə görə, son illərdə muzey ekspozisiyasını genişləndirmək üçün bir sıra rayonlarda qazıntı işləri aparılıb: “2001-ci ildə Mingəçevirdə Bozdağın ətəyində aparılan qazıntılar zamanı qədim filin alt çənəsiz kəlləsi tapılıb. Keçən il isə yenə həmin ərazidən troqonteri filinin kəllə sümüyü tapılıb. Son iki ildə muzeyimizin əməkdaşları Balakənin Katex polimetal yatağından, Gədəbəyin Uğur, Köhnə Gədəbəy və Qədir filiz yataqlarından, eləcə də Daşkəsənin alunit və kobalt yataqlarından aşkar etdikləri geoloji və paleontoloji nümunələri muzeyin eksponatları sırasına daxil edilib”.
Sonda onu da öyrəndik ki, ziyarətçilər muzeyə böyük maraq göstərirlər. Həftənin beş günü açıq olan muzeyin ziyarətçiləri arasında tələbə və şagirdlər üstünlük təşkil edir.
Nurəddin MƏMMƏDLİ