AMEA-nın Humanitar Elmlər Bölməsi ötən il üzrə fəaliyyəti barədə hesabat verib
Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunduğunu diqqətə çatdırıb, medalları onlara təqdim edib.
İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatları dinlənilib.
Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib.
Akademik ötən il görülən işlər, o cümlədən “Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbir və layihələr barədə danışıb. Qeyd olunub ki, il ərzində 36 kitab, o cümlədən 16 monoqrafiya nəşr edilib, “Nəsiminin anadilli əsərlərinin ensiklopedik-izahlı lüğəti”nin I cildi çapdan çıxıb. Bundan başqa, 2019-cu ildə bölmə üzrə müxtəlif sahələri əhatə edən 13 lüğətin, o cümlədən ictimaiyyətin gözlədiyi orfoqrafiya lüğətinin hazırlanması başa çatdırılıb. Orfoqrafiya lüğətinin fevral ayında çapı nəzərdə tutulur. Humanitar Elmlər Bölməsi üzrə hesabat ilində ümumilikdə 50-yə yaxın kitab çap olunub.
Rəyasət Heyəti təklifləri nəzərə alaraq Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Qərarda bölməyə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliği ilə bağlı məqalələrin impakt-faktorlu jurnallarda və ingilisdilli e-ensiklopediyalarda nəşr edilməsi, əməkdaşların xarici ölkələrin, o cümlədən Avropa, Rusiya və Türkiyənin qrant layihələrində iştirakının intensivləşdirilməsi, humanitar sahədə fəaliyyət göstərən alimlərin, xüsusən də gənc tədqiqatçıların “Clarivate Analytics” və digər beynəlxalq elmi bazaların imkanlarından geniş istifadəsinin təmin edilməsi və s. istiqamətlərdə tapşırıqlar verilib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü hesabat verib.
İclasda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan şair Məhəmməd Hadinin 140 illik yubileyi ilə bağlı tədbirlər planı da təsdiq olunub.