Yanvarın 29-da Parisdə – UNESCO-nun mənzil-qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq.
Sərgi Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə reallaşacaq.
Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub.
Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib.
Sərgi UNESCO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.