Azərbaycan Milli Konservatoriyasında (AMK) şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyi münasibətilə yubilyarla görüş keçirilib.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək yubilyarın muğama, musiqiyə olan marağından söz açıb. Bildirib ki, o, uzun illər dövlət işlərində çalışsa da, hər zaman musiqi, ədəbiyyat və muğam onun qəlbində xüsusi yer tutub. Bu gün də bu sahədə fəaliyyətini yorulmadan davam etdirir. Onun tanınmış muğam ifaçılarımıza həsr etdiyi tədqiqatlar əsasında ərsəyə gətirdiyi kitablar muğam sənətimiz üçün dəyərli töhfələrdir.
Xalq artisti , AMK-nın professoru Mənsum İbrahimov yubilyarı təbrik edərək onu muğam ifaçılarının yaxın dostu adlandırıb. Vurğulayıb ki, müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq, o, həmişə musiqiyə bağlı insan olub. Hələ gənc yaşlarında görkəmli xanəndə, Xalq artisti Arif Babayev haqqında povest yazıb. Biz Beynəlxalq Muğam Mərkəzində dəfələrlə birlikdə tədbirlərdə olmuşuq. O, yüksək daxili mədəniyyəti və musiqiyə xüsusi münasibəti ilə seçilir.
Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy da yubilyara təbriklərini çatdırıblar.
Qeyd edilib ki, Gülhüseyn Kazımlı həm də nəğməkar şair kimi tanınıb. Onun şeirlərinə Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov kimi bəstəkarlar tərəfindən “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bəstələnib.