Cənubi Azərbaycanın tanınmış yazıçısı, tərcüməçi-publisist Səməd Behrəngi anadan olmasının 80 illiyi münasibətilə Ankarada anıldı. Yanvarın 23-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un qərargahında keçirilən tədbirə türk dünyasının müxtəlif bölgələrindən ədəbiyyatsevər, şair və yazıçı, QHT və media təmsilçiləri qatılmışdı.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) şöbə müdiri Sayman Aruz, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmalar İnstitutunun rəhbəri Rza Heyət və başqaları böyük ədəbiyyatçının həyat və fəaliyyətindən, əsərlərinin dəyərindən danışdılar.

Bilal Çakıcı türk dünyasının görkəmli şəxsiyyətlərinin, o cümlədən şair və yazıçılarının tanıdılması və təbliğinin TÜRKSOY-un fəaliyyətində mühüm istiqamət olduğunu diqqətə çatdıraraq dedi: “Zəngin tarixi mədəniyyətə sahib olan türksoylu xalqların dünəni və bu günü arasında körpü yaratmağın bir yolu da Səməd Behrəngi kimi  şəxsiyyətləri təbliğ etmək, əsərlərinin yayılma coğrafiyasını genişləndirməkdir. Təbriz doğumlu, Azərbaycan türkü olan Səməd Behrəngi çoxşaxəli yaradıcılığı ilə dünya bədii ədəbiyyatına nadir incilər bəxş edib. Onun əsərlərinin araşdırılması tədqiqatçılar üçün hər zaman maraqlı olub və aktuallığını bu gün də saxlayır. Səməd Behrənginin əsərləri bütün türk dünyası üçün faydalı və qürur mənbəyidir. TÜRKSOY bundan sonra da böyük yazıçının həyat və yaradıcılığının təbliğinə diqqətlə yanaşacaq”.

Yaqub Öməroğlu bildirdi ki, Səməd Behrəngi 29 illik həyatında 30-dan çox əsər yazıb və bu əsərlər dünya uşaq ədəbiyyatında xüsusi yerə və əhəmiyyətə malikdir.

Səməd Behrənginin həyat və yaradıcılığı ilə bağlı araşdırma aparan Səlcuq Universitetinin müəllimi Qəmzə Gizem Avcıoğlu yazıçının əsərlərində oxucuya vermək istədiyi mesajlardan bəhs etdi.

AYB Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz çıxışında Behrənginin Nəsimi kimi bir humanist söz adamı olduğunu və humanizmin ümumilikdə türk ədəbiyyatında əhəmiyyətli yer tutduğunu dedi.

Təbriz Araşdırmalar İnstitutunun rəhbəri Rza Heyət isə Səməd Behrengi yaradıcılığının İran yazıçılarına və ziyalılarına təsirindən danışdı.

Səməd Behrənginin həyat prinsiplərindən bəhs edən digər çıxışçılar diqqətə çatdırdılar ki, zəmanəsinin cəsur şəxsiyyəti kimi tanınmış yazıçı heç bir halda yolundan dönməyib, amal və məsləyinə sadiq qalaraq düşüncələrini obrazlı şəkildə xalqına çatdırmağa nail olub. Qısa həyatının sonuna qədər kənd müəllimi işləyən S.Behrəngi böyük yazıçı, publisist, tərcüməçi kimi tanınıb və əsərləri sevilə-sevilə oxunub.

Tədbirin bədii proqramında “Xəzər Azərbaycan Xalq Rəqsləri Dərnəyi”nin sənətçiləri Azərbaycan musiqisi və rəqslərindən nümunələr ifa etdilər.

Mehparə SULTANOVA
Ankara