Azərbaycan Respublikası Prezidentinin 2 fevralın Gənclər Günü kimi qeyd olunması haqqında sərəncamına, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2020-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.
Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.
Builki festival çərçivəsində də konsert və sərgilər, digər tədbirlər keçiriləcək. Ötən illərdən fərqli olaraq bu dəfə festival zamanı muzeylərdə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.
Festivalın rəsmi açılış mərasimi isə fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Filarmoniyanın foyesində gənc rəssamların, dekorativ-tətbiqi və təsviri sənət ustalarının əl işləri nümayiş olunacaq.
Açılış mərasimində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Mədəniyyət və İncəsənət Universiteti, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqların iştirakı ilə konsert proqramı təqdim olunacaq. Ənənəvi olaraq istedadlı gənclərin mükafatlandırılması mərasimi keçiriləcək.
Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılacaq. Sərgidə 100-dən çox gənc rəssamın əl işləri nümayiş olunacaq. Ekspozisiyada müxtəlif janrlarda əsərlər yer alacaq. Sərgi dörd gün ərzində ziyarətçilər üçün açıq olacaq.
Fevralın 3-də isə Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində gənc rəssamların növbəti “Axın” qrup sərgisi keçiriləcək. Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın əsəri sərgilənəcək.
Lalə AZƏRİ