Yanvarın 30-dan İstanbulda ənənəvi EMİTT – Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başlayıb. Bu il 24-cü dəfə keçirilən sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz də təmsil olunur.
Fevralın 2-dək davam edəcək sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı (Biznesdən-biznesə) görüşlər keçiriləcək və əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, Türkiyə Azərbaycan üçün prioritet bazardır və bu ölkədən gələn vətəndaşların sayı Azərbaycana gələnlər arasında ilk pillələrdə qərarlaşır.
O diqqətə çatdırıb ki, ən vacib məsələlərdən biri bu ilin iyun ayında AVRO-2020-nin final mərhələsinin qrup oyunları çərçivəsində Türkiyə yığmasının Azərbaycanda iki qarşılaşma keçirməsi olacaq. Bu, türkiyəli turistlərin Azərbaycana bir daha səfər etmələri üçün gözəl şans olacaq.