Fransa Senatı tərəfindən 1980-ci ildə Parisdə təsis edilən Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti – yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib.

Afaq Məsud akademiyanın baş direktoru, tanınmış ictimai xadim, rəssam Nikol Lemer dAqacionu, sessiya iştirakçılarını salamlayaraq əsas məramı dünya elmi və ədəbiyyatı üzrə əməkdaşlığın inkişafına dəstək vermək olan bu mötəbər qurumun ümumbəşəri dəyərlərə töhfələrindən söz açıb. Yazıçı vurğulayıb ki, əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün də dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır.