Son təltifatda təşəkkürə belə heyi çatmırkən, salondan: “Maestro, Siz filmlərinizlə hər şeyi demisiz!” pıçıltısıyla da dəyərləndirilən Federiko Fellini…
Bu dahi kino-azmanı “son mənzil”ə Romadan Riminiyə (doğulduğu şəhərə) qədər misilsiz matəm korteji, yolboyu qaynaşan izdiham uğurlayıb. Sabahısı, dünya kinosunun ən məşhur isimləri onu “bu yüzildə ən böyük itki” ağrısı ilə anıb, “Kino tarixi “Felliniöncəsi-Fellinisonrası” dönəmlərə ayrılacaq”, “Bütün yollar Romadan, ən yaxşı filmlərsə Fellini “Yol”undan keçir” kimi fikir-qənaətlərlə dəyərləndirib...
O matəm çağlarında çox səviyyəli hesab etdiyim bir dostum bütün bunları “nə var, noolub, kinoçudur də” ritorikası ilə qarşılamış və mənim əsəbi reaksiyamı Sokratın “İlk baxışda vurulmamaqçün ikinci dəfə daha diqqətlə baxmaq lazımdır” deyimilə yumşaltmağa çalışmışdı. Sonralar “Yol” filminə elə ilk baxışdan vurulub-tərbiyələnən o “biləndər” bir gün, tək elə bu dahinin fenomenliyi haqda yox, onun həmkarlarının böyük kino sənətilə bağlı fikirlərindən nümunələr də səsləndirdi: “Foto gerçək, kino isə saniyədə 24 dəfə gerçəkdir”, “Cinayətkarlar və kino adamları həyatı olduğu kimi qəbul etmirlər” və s.
Bəli, İtaliya bu dahini cismən itirdikdən sonra ikiqat sevməyə başlayıb. Vəfatını milli matəm kimi qeyd edib; Romada küçə hərəkətləri, tele-radio yayımları dayandırılıb, ölkənin hər yerindən paytaxta axışan insan sel-silsiləsi doğma Rimini şəhərilə Romanı birləşdirib...
Bütün bunlar bir “yana”, hələ bu ümumdünya dəyərli mərhumun 50 il+1 gün birgə yaşadığı xanımının – elitanın hüzn-şəfqət dolu diqqətindən, onu hələ də “Yol”dakı fağır Celsomino kimi təsəvvür edən kütlələrin sadədil-sadəlövh baxışlarından usanmış, elə hey “Federikosuz mən yoxam” monoloq-monotonunu təkrarlayan Cülyetta Mazinanın şəxsi matəm əhvalı!...
Bu dəm bu xanımın “Kabiriyanın gecələri” filmindəki məşhur “vida təbəssümü”nü də xatırlayaq...
Və... bu tür canlı itkidən, mahiyyətində heç bir rəsmi-rəyasi hürkü simptomu olmayan “dahi qurtarışı”ndan sonra –
Nə (və necə) yazasan?...
Yazasan ki, onun çəkdiyi 24 filmin əksəriyyəti yüksək, yarıya qədəri ən baş mükafatlara (xüsusən də 5 “Oskar”a!) layiq görülüb? Yaxud, “Amarkord”, “Kazanova” filmləri İtaliya hiss-həyəcanlarında “9-cu bal” yaradıb, BBC-nin “Tarixin ən möhtəşəm 100 xarici filmi” sorğusuna 4 filmilə düşüb və sair?...
“Noolsun”? Axı... bir çox epizodunda bəşəriyyətçün qlobal ideyalar verən, hər xırda detalında insan cəmiyyətləri üçün gərəkli sifarişlər edən, saysız kiçicik-incəcik nüanslarıyla seyrçi önündə qeyri-adi düşüncə mənzərələri yapan bu qurucu ki... daha yoxdur!
Real “yox”luğu bədiilərdən (ekranlarda gördüyümüz “batal” səhnələrdən) də kütləviləşdirmiş bu dahi o “anşlaq” ziyarət ünvanınadək hardan, necə, nə sayaq gəlmiş?
20 yanvar 1920-də, tez-tez sirk və vodevillər göstərilən Riminidə doğulub.
Həmin tamaşaları heyranlıqla seyr edən və bir gün (valideynlərindən xəbərsiz) qoşulub getdiyi sirkçilərin böyük müsibətlə geri qaytara bildiyi bu uşaq bütün gördüklərini filmlərində əks etdirəcəkdi...
Bu sentimental gənc “kino sevgilisini” tapanadək bir xeyli sənət dəyişib. “Ailə könlünü xoş etməkçün” Roma Universitetinin Hüquq fakültəsinə daxil olsa da, başarılı sığorta agenti, istedadlı karikaturçu, müxbir, ssenarist kimi ad qazanıb. Amerika komikslərinə o dərəcədə vurğunmuş ki, adi Hollivud reportyorluğuna can atıb. “Uzun sözün qısası”na varsaq, hədsiz hazırcavab, “məzəli əhvalatlar mahiri” kimi tanınan, maraqlı komedik ssenarilər yazan bu 20 yaşlı oğlan “qəflətən” kino işinə vurulub: “Artıq başa düşdüm ki, kino mənim həyatımmış!”.
Bu qədər maraq-peşə pərakəndəliyinə baxmayaraq, bu adam həm də çox şöhrətpərəstmiş; ağlı kəsəndən “paytaxtı fəth” arzusuyla yaşayırmış.
Və...
Ötən əsrin ortaları. İtaliya (əslində, dünya) kinosu tarixində “Yeni dalğa” illəri. “Yenilər” artıq bütün dünya filmlərini “atamın kinoları” (“Sinema dü Papa”) adlandırır, “kino – insanı tək elə əyləndirməməli, fəaliyyətə də ruhlandırmalıdır” fikrini yürüdürlər.
Tənqidçilərin “ikinci kinorenessans” adlandırdığı bu dalğanın baş fiqurlarından biri Federiko Fellini olur.
Tale onu italyan neorealizminin banisi Roberto Rosselini ilə qarşılaşdırır və bu işbirliyi hadisələrin gedişatını daha da sürətləndirir. Rosselini “Roma – açıq şəhər” filminin (1945) ssenarisini Federikoya təklif edir və bu ekran işi Kann festivalının baş mükafatını qazanır. Üç il sonra onun ssenarisilə “Eşq” filmi də ekrana çıxır. İki il ötmüş özü ilk müstəqil rejissor işi olan “Varyetenin işıqları”nı çəkir.
Bu dahi böyük uğurları fonunda girli gərginliklər də yaşayıb. Əsasən də maliyyə sarıdan. Məsələn, çəkiliş xərcləri ucbatından “Kabiriyanın gecələri” filmindən 11, “Şirin həyat”dan 7 prodüser imtina edib.
Bəli, bu milli-mental problemlər çözücüsünə əl tutanlar çox az olub. Hətta onun ideyalarını dəstəkləyənlər danışıb-yazırdılar ki, İtaliya imkanlıları doğma Romamızda əxlaqsızlığın baş alıb getdiyini etiraf etmək istəmirlər...
Bu azmış kimi, çoxlarında qeyri-adi heyranlıq yaratmış “Şirin həyat” bəzilərində kəskin etiraz hissləri doğurub, qəzet-jurnal, hətta parlament müzakirələrinə səbəb olub; deputatlar senzuranın ayağa qalxmasını, təcili olaraq, filmdəki “çirkabların kəsilib-götürülməsini” tələb ediblər.
Bu anca qeyd edək ki, müasir medianın tez-tez işlətdiyi “paparassi” termini də Fellinidən (“Şirin həyat”dakı fürsətçil fotoreportyor Paparattso obrazının adından) yadigardır.
Bu əfsanəvi sənətkarın filmlərində M.Mastroyanni, K.Kardinale, D.Sazerlend kimi dünya ulduzları çəkilib. Onlardan birinin – təkrarsız Marçello Mastroyanninin bircə deyimini xatırladaq: “Deyəsən, mən, Fellininin ruhunun vizual təcəssümü idim; bu nəhəngin alter-eqoya – öz ali “zəiflik”lərini yükləyə biləcəyi personaja ehtiyacı vardı...”
Bu da 1954-cü il və... nəinki İtaliya, ümumən o dövr dünya kinosu qarşısına tamamilə bənzərsiz sənət magistralı kimi açılan –
“Yol”!...
Bəri başdan deyək ki, bu film Venesiya Kinofestivalının mükafatı və “Oskar”la yanaşı, dünənəqədərki bu “İtaliya ulduzu”na qeyri-rəsmi “dünya şöhrəti” laureatlığı da qazandırıb.
Dahiliyə doğru marafona başlamış bu gəncin “Yol” taleyi, öncə, tezliklə ailə quracağı Cülyetta Mazina ilə tapışmasından asılıymış...
Bu filmdəki rolundan sonra Cülyetta Mazina inanılmaz dərəcədə məşhurlaşır və ona “Hollivud təklifləri” ara vermir. Cavabsa bir olur: “Yox!”
“Yol”dan sonra bu rejissora verilən dəyərlərin əyarı daha da yüksəlir. Çoxusu da, bu işin cikinə-bikinə yaxşı bələd olan həmkarlarına məxsus. Qarşılarında təzə cığır açdığı yeni nəsil nümayəndələrindən yalnız birinin – M.Skorsezenin bir fikrinə işıq tutaq: “Fellini fenomenindən sonra qaranlıq kinoteatr salonlarına bilet alan bizlər daim yeni baxış-izləmə tərzilə üzləşəcəyimizin fərqində oluruq. O, elə bir fərdi, sehrli, möcüzəvi kino-üslub yaradıb ki, planetimizi belə gözümüzdə kiçildib...”
Bu film kadr-kadr, epizod-epizod belə bir sübut-isbatdadır ki, başqa heç bir rejissor kədərlə sevinci bu qədər incəlik, zəriflik, əkizlikdə qaynaq edə bilməz!
Bax bu anlar ilk baxışda (və kadrlarca davam edən) yalnız kobud, pəzəvəng təsiri bağışlayan Zampanonun qəlbindəki qəribə (“məxfi”) incəliklərin, canında-qanındakı ədalət, halallıq keyfiyyətlərinin sehrində deyilmisiz? İlk dəfə dəniz görərkən Celsominonun necə riqqətə gəldiyinin, kilsədə gecələrkən “Zampano, yəni sən məni azacıq da olsa sevmirsən” sualının, onun, məlum qətl epizodundan sonra, tonqal kənarında dünyanın ən məsum yazıqlığıyla yuxuya getdiyinin, sonda paltarsərən xanımın ifasında səslənən “dünya”vari mahnı sədasının fərqindəsənmi, əziz (və hal əhli) oxucum?!...
Bu təsvir, bu məqam belə bir nağıl diktə edir: –
Cülyetta və Federiko...
Nə vaxtsa məşhur aktrisa olacağını ağlına belə gətirməyən bu “balaca qızcığaz”la “paytaxtı fəth” arzulu nəhəngin birgəlik xoşbəxtliyi 50 il + 1 gün sürüb…
Gimnaziyanı bitirib, arxeologiya istəyilə universitetə daxil olan, tələbə teatrında rollar alan bu qızcığazın radiotamaşadakı səsini eşidən Fellini ağlını itirir; “bu qız lap su pərisi səsilə oxuyur ki!...”
Hələ yalnız səsiylə sehrləndiyi bu qızı həm də olduqca gözəl təsəvvür edən Federiko yeniyetmələrtək balaca və çox da cazibədar olmayan Cülyettanı görəndə çaşıb qalır. Amma onun “İçimdə həmişə aktrisa olmaq arzusu yaşayıb və yalnız özümü oynamaq istəmişəm; maskasız, qrimsiz... Daha böyük arzum isə sevgidən ölməkdir!” sözlərini eşidəndə, dünyanın ən gözəl və ən maraqlı xanımı ilə rastlaşdığı qərarına gəlir.
Fellini isə Cülyettanı dərhal ovsunlayır və elə ilk gündən anlayır ki, bu ipə-sapayatmaz sentimentalın qurduğu dünyanı uçurmaq olmaz.
Cülyetta sevgi-sədaqət dərsini hələ öz valideynlərindən alıbmış; qonşu pıçı-pıçılarından öyrənibmiş ki, çox istedadlı violonçelist atası öz sevgisi naminə (gələcək qayınanasının “ciddi qazanc işin olmayınca, qız da olmayacaq!”) çox sevdiyi musiqiçilikdən imtina edərək zavodda kassirliyə başlayıb.
Atasının bu fədakarlığından vəcdə gələn Cülyetta hələ yeniyetməliyindən öz həyatını məhz bu tip fədakar kişiyə bağlamaq arzusuyla yaşayıb və “dəlicəsinə sevgi, layiq övlad, şəxsi ev” “obraz”ını Federikoda görüb. Elə ilk günlərdən də anlayıb ki, bu istedad və qəribəliklər mücəssəməsinin öz aləmində qurub-yaratdığı özəl dünyanın bircə naxışına da toxunmaq olmaz!
Sevimli ərinin uşağına bənzərsiz ana olmaq istəyilə yaşayan, hamiləliyini bildiyində qeyri-adi sevinc hissləri keçirən bu xanım bir gün qəflətən pilləkəndən yıxılıb... uşağı itirir. İkinci hamiləliyində eyni yaşantılar və hələ doğulmamış körpənin adını diləgətirmə: “Federiko! Sevimli həyat yoldaşımın adını (və bəlkə şöhrətini də) daşıyası sevimli oğul!...”
Lakin doğuş uğurlu keçsə də, körpə ikicə həftə yaşayır.
Bu azmış kimi, həkimin dəhşətli diaqnozu: “Daha uşağınız olmayacaq”!
Bir müddət sonra Fellini övladlığa uşaq götürməyi məsləhət görsə də, xanımından bu sözləri eşidir: “Mənim uşağım var – Federiko Fellinim var!...”
İtaliyada tez-tez deyilən “Bu bir həqiqətdir ki, Mazinanı bütün dünyada məşhurlaşdıran Fellinidir” sözləri, adətən, belə bir qənaətlə qarşılanır: “Bu da həqiqətdir ki, Mazina Fellinini yaratmış qadındır”.
Əslində, Cülyettanın xəstəliyi Federikodan çox əvvəl başlayıbmış (ərini narahat etməməkçün ambulator müalicə alırmış). Ancaq Felliniyə baş çəkməyə gəlmiş dostlardan biri təsadüfən Cülyettanın ciyər xərçənginə tutulduğunu ağzından qaçırır. Əməliyyatdan yenicə çıxmış Federiko təcili maşın tələb edib, arvadının yanına gəlir. Uzun gərginliklərdən sonra qonşu palatalarda yatırlar. 1993-ün oktyabrında “qızıl toy” istəyilə xəstəxanadan çıxırlar və Federiko onu “ilk sevgi görüşü restoranı”na aparır. Mazina təsirlənib ağlayarkən Fellini ona “Yol”dakı adıyla müraciət edir: “Ağlama, Celsomina... Son görüşə hələ var...”
Ancaq, sən demə, bu sözlərin özü son imiş.
Federikonun bu dünya üçün vəd etdiyi “son görüş” isə, cəmi altı ay sonra “o dünya”da ilk görüşə çevrilir. Özü də – düz əlli il hər ad gününə yaşının sayı qədər gül ilə gələn aşiqinin portretini qucaqlamış halda...
Tahir ABBASLI