Pilot sorğu keçiriləcək
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəni istehlakçı səbəti” adlı pilot sorğusu keçirəcək.
Qurumun yerli və xarici tərəfdaş təsisatların, habelə digər sahələrin mütəxəssislərinin iştirakı ilə reallaşdıracağı sorğu mədəniyyət istehlakı mövzusunda ölkəmizdə ilk belə layihədir.
Qeyd edək ki, BMT-nin insan inkişaf indeksinə əsasən, hər bir insanın yaşayış minimumunu təmin etmək məqsədilə müxtəlif dövlətlərdə fərqli minimum istehlak səbəti tərtib olunur. İnsanların yaşayışını təmin edə biləcək ərzaq, qeyri-ərzaq malları və xidmətlərə olan tələbatlar qəbul olmuş metod və düsturlarla elmi normalar əsasında müəyyənləşdirilir.
Qloballaşma prosesləri nəticəsində insanın mədəni özünüdərketməsinə, dünyagörüşünə və mədəni seçimlərinə təsir edə biləcək digər obyektiv səbəbləri nəzərə alaraq, insanın mənəvi ehtiyaclarını ödəyən minimum mədəni istehlakçı səbətinin müəyyən olunması da xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.
Müasir dövrdə paytaxt və regionlarda yaşayan orta statistik vətəndaşın minimum mədəni istehlakçı səbətinin müəyyən olunması mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin icrası prosesinin effektivliyini artıracaq. Beynəlxalq təcrübə nəzərə alınmaqla, mədəni istehlakçı səbəti eyni zamanda ictimai şüurda düzgün mədəni tələbat və oriyentirlərin formalaşması prosesinə də dəstək göstərir.