UNESCO-nun məşvərət missiyası Dünya İrs Komitəsinin bu il Çində keçiriləcək 44-cü sessiyasına hazırlıq məqsədilə İtaliyanın Venesiya şəhərində olub. Missiya şəhərdə mədəni irs hesab edilən bütün abidələrə yenidən baxış keçirib.

Ötən ilin yayında şəhərin meri Luici Bruqnaro tərəfindən San-Marko hövzəsindəki gəmilərin köçürülməsi barədə edilən xahişə iyul ayında 44-cü sessiyada baxılması qərara alınıb. Bundan əlavə, Forte San-Feliçe adasının da mədəni irs siyahısına daxil edilməsi təklif olunub.

Qeyd edək ki, ötən yay Venesiya rəhbərliyi şəhəri UNESCO-nun “qara siyahısı”na (məhv olmaq təhlükəsi olan abidələr) salmağı təklif edib. Venesiya bu siyahıya salınsa, şəhərə gələn turistlərə müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Meri kəskin tədbirlər görməyə vadar edən səbəb Venesiyanın əsas kanallarından birində gəminin kruiz gəmisi ilə toqquşması olub. Luici Bruqnaronun tələbi UNESCO mütəxəssisləri tərəfindən təsdiqlənərsə, şəhər məhv olmaq təhlükəsi olan abidələrin siyahısına daxil ediləcək. Bu məsələ Dünya İrs Komitəsinin 2019-cu ildə Bakıda keçirilən sessiyasında da müzakirə olunmuşdu.

SƏBİNƏ