Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda fevralın 2-də açılan sərgi Gənclər Gününə həsr edilmişdi. Sərgi Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində gənclərə xüsusi diqqətlə yanaşıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bugünkü ənənəvi layihəmizlə yaradıcı gənclərə dəstək verməyə çalışırıq”.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin önəmini vurğuladılar. Çıxışçılar daha sonra sərgidə iştirak edən rəssamları Gənclər Günü münasibətilə təbrik edərək onlara yaradıcılıq uğurları arzuladılar.

Sonda qonaqlar sərgi ilə tanış oldular. 100-dən çox gənc rəssamın 120-yə yaxın əl işinin nümayiş olunduğu sərgi maraqla qarşılandı.

NURƏDDİN