Bakıda səfərdə olan Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
Fondun prezidenti Günay Əfəndiyeva ilə görüş zamanı türk dünyasının görkəmli yazıçı və şairlərinin, o cümlədən ötən il böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlərdən, həmçinin bu il qazax yazılı ədəbiyyatının banisi, şair, mütəfəkkir Abay Kunanbayevin 175 illik yubileyi barədə söhbət açılıb. Türkdilli xalqların ortaq mədəniyyət nümunələrinin qorunub saxlanılması və dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.
Günay Əfəndiyeva türk dünyasının bu il yubileyləri olan görkəmli şəxsiyyətlərin irsinin təbliğ olunması istiqamətində tədbirlərə dəstək göstərməyə hazır olduqlarını bildirib. Eyni zamanda türk dünyasının yazıçı və şairlərinin, elm adamlarının iştirakı ilə seminar, konfrans və digər layihələrin nəzərdə tutulduğu qeyd edilib.
Yakup Öməroğlu Avrasiya Yazarlar Birliyinin fəaliyyətilə bağlı geniş məlumat verərək, qurumun sosial və tarixi əlaqələri olan millətlərin bir-birinə daha da yaxınlaşması üçün çalışdığını deyib, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu yöndə gördüyü işləri yaxından izlədiklərini bildirib. O, Avrasiya Yazarlar Birliyinin kitablarını və baş redaktoru olduğu “Kardeş kalemlər” jurnalının buraxılışlarını Fonda hədiyyə edəcəyini deyib.
Görüş zamanı gələcəkdə birgə həyata keçirilə biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.