Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət sərgi açılıb

Yanvarın 31-də Bakıda görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət “Bir inci rəssam” adlı sərginin açılış mərasimi keçirildi.

“Rolls-Royce Motor Cars Baku” salonunda təşkil olunan sərgidə müəlliflərin 40-dək əsəri yer almışdı. Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və  “Rolls-Royce Motor Cars Baku”nun sponsorluğu ilə ərsəyə gələn sərginin açılışına tanınmış mədəniyyət, incəsənət xadimləri, sənətsevərlər qatılmışdı.

Tədbirin aparıcısı, Əməkdar artist Nərgiz Cəlilova sərgi haqqında məlumat verdi. Bildirdi ki, tanınmış fırça ustaları, əməkdar incəsənət xadimləri Vəcihə Səmədova və onun həyat yoldaşı Lətif Feyzullayev öz yaradıcılıqları ilə Azərbaycan təsviri sənətində zəngin irs qoyublar. Diqqətə çatdırıldı ki, sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov hər iki rəssamın yaradıcılığından, Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərindən söz açdı. Sərginin önəmini qeyd edən A.İbrahimov təşkilatçılara təşəkkürünü bildirdi.

Sənətkarların nəvəsi Aqşin Feyzullayev ailələri adından tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür etdi.

Sonra unudulmaz Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərini, müxtəlif fotolarını və onlarla bağlı ekran əsərlərini bir araya gətirən saytın təqdimatı oldu. “Netmedia” şirkəti tərəfindən təqdim edilən saytın yaradılmasında məqsəd hər iki rəssamın yaradıcılığının geniş auditoriyaya çatdırmaqdan ibarətdir.

Xatırladaq ki, Vəcihə Səmədova (1924-1965) və Lətif Feyzullayev (1918-1987) müxtəlif janrlarda əsərlərin, o cümlədən portret və mənzərə rəsmlərinin müəllifidirlər. Onlar birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanın bir çox yerlərinin gözəlliklərini kətana köçürüblər. Vəcihə Səmədovanın “Kür qırağında”, “Qoşqar yaylağında”, “Göygöl”, “Kəpəz”, Lətif Feyzullayevin “Abşeronda bahar”, “Yay”, “Abşeron qumları” və s. əsərlər bu qəbildəndir.

FARİZ