Fevralın 5-də Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un qərargahında Azərbaycanın Xalq şairi Vaqif Səmədoğluna (1939-2015) həsr olunmuş anım paneli təşkil edildi.

Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Səməd Vurğunun ev-muzeyinin direktoru və Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları,  Azərbaycan Kültür Dərnəyinin təmsilçiləri, ədəbiyyat və sənət adamları iştirak edirdi.

Tədbirdə öncə TÜRKSOY-un fəaliyyətindən bəhs edən film nümayiş olundu. Sonra Vaqif Səmədoğlunun həyat və yaradıcılığı haqqında sənədli ekran əsəri göstərildi.

Film nümayişlərindən sonra açılış nitqi ilə çıxış edən Düsen Kaseinov qonaqları salamladı. Baş katib Vaqif Səmədoğlunun böyük şəxsiyyət olduğunu, yaradıcılığı ilə ümumilikdə dünya ədəbiyyatında miras qoyduğunu diqqətə çatdırdı: “Onun böyük və hərtərəfli yaradıcılıq qabiliyyəti olub. Yazdığı pyeslər tamaşalara qoyulub, şeirlərinə bəstələnən mahnılar dildən-dilə dolaşıb. Bu gün TÜRKSOY-da türk dünyasının belə bir şəxsiyyətini yad etmək qürurvericidir”.

Xalq yazıçısı Anar çıxışında Vaqif Səmədoğlunun xüsusi keyfiyyətlərindən söz açdı: “Vaqif Azərbaycanın məşhur nəslinin nümayəndəsidir. Özü də Azərbaycan mədəniyyətinin ən görkəmli və ən gözəl nümayəndələrindən biri idi. Belə şanlı bir nəslin nümayəndəsi olmaq və eyni zamanda bir yazıçı, şair, şəxsiyyət kimi özünü təsdiq etmək asan məsələ deyildi. O, bunu bacardı. Nə babasının, nə atasının, nə qardaşının kölgəsində qaldı. Onların yolunu sevə-sevə davam etdirdi, amma özü də şair kimi Azərbaycan ədəbiyyatında önəmli bir yer tutdu”.

Vaqif Səmədoğlu ilə dostluqlarının tarixçəsindən bəhs edən Xalq yazıçısı Anar bildirdi ki, bu dostluq münasibətləri ömür boyu davam edib: “O, ədəbiyyatımızda böyük iz buraxmış bir insandır. Əsərləri əsasında çəkilən film və televiziya tamaşaları bu gün də sevilərək izlənilir. O, kişi kimi yaşadı, sağalmaz xəstəliyin qarşısında dik dayandı, xəstəliyə güldü, onunla zarafat etdi”.

Anar çıxışını təsirli cümlə ilə bitirdi: “Mən inanıram ki, biz yenə bir gün görüşəcəyik və o zaman ona deyəcəyəm ki, Vaqif, sağ ol ki, vardın”.

Paneldə çıxış edən Yaqub Öməroğlu bildirdi ki, Vaqif Səmədoğlunu şəxsən tanıyıb və onun nə qədər sevgi dolu bir insan olduğunun şahidi olub: “Yaşadığı və yaradıcılıqla məşğul olduğu dövr ideologiya baxımından çətin dönəmə təsadüf edib. Lakin buna baxmayaraq o öz ziyalılığı və istedadı ilə bu vəziyyətə qarşı dayana bilib. 1960-cı illərdə Azərbaycan ədəbiyyatında inkişaf, intibah dövrü yaşanırdı. Məşhur 60-cı illər nəslinin nümayəndələri kimi Vaqif Səmədoğlunun da xidmətləri danılmazdır”.

Nüşabə Babayeva-Vəkilova çıxışında Vaqif Səmədoğlunun təvazökar insan olduğunu bildirdi: “O, çox səmimi, qeyri-adi insan idi və belə bir insanla yaşamaq çox maraqlı idi. Onun zarafatları, gözlənilməz atmacaları, bütün bunlar çox maraqlı idi. Elə insanlar var ki, onların yoxluğu həmişə hiss olunur. Vaqif Səmədoğlu da belə insanlardan idi. Hər zaman düşünmüşəm ki, onun təvazökarlığı böyüklüyündən irəli gəlirdi”.

Anım tədbirinin təşkilatçılığına görə TÜRKSOY rəhbərliyinə təşəkkürünü ifadə edən Nüşabə xanım bütün iştirakçılara minnətdarlığını bildirdi və dedi ki, görkəmli şairlə bağlı ən böyük arzusu Vaqif Səmədoğlunun şeirlər toplusunun Türkiyədə nəşr olunmasıdır. Sonra o, TÜRKSOY-un baş katibi Düsen Kaseinova “Vaqif Səmədoğlu” xatirə medalını təqdim etdi.

Tədbirdə daha sonra akademik, musiqişünas Zemfira Səfərova və Aysun Dəmirəz Günəri böyük şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və düşüncələrini bölüşdülər.

Çıxışlardan sonra tədbir ədəbi-musiqili proqramla davam etdi. Azərbaycanlı aktyorlar Kamran Yunus, Xəzər Süleymanlı şairin şeirlərini söylədilər.

Ankara Opera və Balet Teatrının solisti Günlər Erkan Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnıları oxudu. Solisti teatrın baş pianoçusu Məlahət İsmayılova müşayiət edirdi. “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin sənətçiləri milli rəqslərimizi ifa etdilər.

Tədbirin sonunda plaketlər təqdim olundu, xatirə şəkli çəkdirildi.

Mehparə SULTANOVA
Ankara