Belarusun paytaxtında XXVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.
Fevralın 5-dən 9-dək davam edəcək sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin stendi də qurulub. Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli tədbirdə iştirak edir.
Sərgi-yarmarkada qurulan Azərbaycan stendində müxtəlif nəşriyyatların 100 addan çox kitabı nümayiş olunur. Stenddə ölkəmizin tarixi, müasir inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitablar, bədii ədəbiyyat nümunələri sərgilənir.
Stendi ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, müasir ədəbiyyatı haqqında məlumat verilir, jurnal, informasiya bukletləri paylanılır.
Qeyd edək ki, sərgidə ölkəmizi Mədəniyyət Nazirliyi ilə yanaşı, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edir.