Fevralın 5-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində anım tədbiri keçirilib.
Tədbirdə Qara Qarayevə həsr edilmiş sənədli filmlərdən parçalar nümayiş olunub, bəstəkarın oğlu Fərəc Qarayevin, kinorejissor İmran Qasımovun və digər müasirlərinin böyük musiqiçi haqqında xatirələrinin videoyazıları dinlənilib.
Sonra bəstəkarın kino və teatr musiqisindən nümunələrin, baletlərindən parçaların daxil edildiyi konsert proqramı təqdim olunub.
Mərkəzi İncəsənət Məktəbinin yeni yaranmış uşaq kamera orkestrinin ifasında “İnsan məskən salır” kinofilmindən musiqi və “İldırımlı yollarla” baletindən “Layla” (dirijor – Əməkdar artist Vaxtanq İmanov) səslənib. Şagirdlər – Mədinə Əyyubova, Lalə Nəsirli, Mina Orucova, Məryəm Əliyeva, Nigar Nəbili, Aylin Babayeva (fortepiano), Kənan Namazov (tar), Mənzurə Abdurahmanova, Rabil Şirəlizadə (xanəndə), Ayan Məmmədova (rəqs) ifasında bəstəkarın 7 nömrəli prelüdü, “Kiçik vals”, “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, “Hind gözəlinin rəqsi”, “İldırımlı yollarla” baletindən rəqs, “Eskiz” pyesini ifa ediblər. Proqrama “Bir məhəllədən iki nəfər” filmindən mahnı ilə yekun vurulub.