Xəbər verdiyimiz kimi, Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ənənəvi “Gəncliyin səsi” festivalı çərçivəsində bu dəfə muzeylərdə “açıq qapı” günü də nəzərdə tutulmuşdu. Biz də “açıq qapı” elan edən bir neçə muzeyi ziyarət etdik.
İlk olaraq Muzey Mərkəzinə üz tutduq. Muzey Mərkəzinin binasında yerləşən Azərbaycan İstiqlal Muzeyinin Elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova qeyd etdi ki, “açıq qapı” günlərində paytaxt sakinləri və şəhərimizin qonaqları, habelə xarici vətəndaşlar muzeyi ziyarət edirlər. Əvvəlki illərə nisbətən muzey ziyarətçilərinin sayında artım var: “Biz Gənclər Günündən savayı ilin müxtəlif vaxtlarında – Beynəlxalq Muzeylər Günündə (18 may), Respublika Günündə (28 may) və digər əlamətdar günlərlə əlaqədar Mədəniyyət Nazirliyinin göstərişi ilə muzeyimizdə “açıq qapı” elan edirik. Həmin günlərdə muzeyimizə daha çox ziyarətçi gəlir. Həm sərgilərin, həm də “açıq qapı” günlərinin keçirilməsi ilə bağlı vaxtında məlumatlandırma aparırıq”.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də əlamətdar gün münasibətilə “açıq qapı” aksiyası elan olunmuşdu.
Sonuncu baş çəkdiyimiz ünvan Azərbaycan Milli Xalça Muzeyi oldu. Digər muzeylərdən fərqli olaraq burada çoxlu sayda ziyarətçi vardı. Muzeydə olarkən öyrəndik ki, saat 18-dək davam edəcək “açıq qapı” günündə ziyarətçilər pulsuz olaraq muzeyin bütün ekspozisiyaları ilə tanış ola bilərlər.
Muzeylərdə gənc ziyarətçilərdən bir neçəsi ilə həmsöhbət olduq. Onlar Gənclər Günündə “açıq qapı” təşəbbüsünü məmnunluqla qarşıladıqlarını, bu fürsətdən yararlanmağa çalışdıqlarını bildirdilər.
Nurəddin MƏMMƏDLİ