Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino veteranı, uzun illər burada icraçı prodüser vəzifəsində çalışmış Arif Səfərovun 75 illiyi qeyd olunub.

Tədbirdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq rəssamı Rafiq Nəsirov, Əməkdar artist Elxan Qasımov və başqaları çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıblar.

Qeyd edilib ki, Arif Səfərov 1969-cu ildən kinostudiyada fəaliyyətə başlayıb. “Qayınana”, “İstintaq”, “Qəribə adam”, “Qızıl uçurum”, “Bağlı qapı”, “Asif, Vasif, Ağasif”, “Musiqi müəllimi” və s. filmlərin icraçı prodüseri olub. Ümumilikdə, 30-dan artıq filmdə çalışan yubilyar son dövrdə istehsal edilən ekran əsərlərində təcrübə və bacarığını əsirgəməyib.

Sonda çıxış edən Arif Səfərov ona göstərilən diqqətə görə kinostudiyanın rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

***

“Azərbaycanfilm”də daha bir tədbir kinostudiyasının direktor müavini, prodüser Azər Quliyevin 60 illiyinə həsr olunub.

Kinostudiyanın direktoru Cəmil Quliyev, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov və başqa çıxış edənlər yubilyara təbrik və ürək sözlərini çatdırıblar.

Bildirilib ki, Azər Quliyev “Azərbaycanfilm”in istehsalı olan “Qəm pəncərəsi”, “Cavad xan”, “Qorxma, mən səninləyəm!”, “Buta”, “Yarımçıq xatirələr” və digər ekran əsərlərinin ərsəyə gəlməsində əmək sərf edib. Çıxışçılar yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıblar.