Birincidə yaratdıqlarından çox-çox az yaşamış Hamlet Xanızadə...   

Bu bənzərsiz aktyorun anım “yubiley”i “olum”ununkundan da səs-sədalı; qanlı və şanlı “20 Yanvar”la bağlılığına görə. 

O qada-qanlı olay olmasaydı, “elitar” sovet mədəniyyətinin yetirdiyi proletar tamaşaçı kütləsi bu aktyoru da “öz əcəli ilə” gedən sənətkarlar seriyasına salacaqdı...

O sədalı ölüm o qan-qadalı olay qurbanlarına ad edilən ulu-uca “şəhidlik” statusuna salınmadı. Nə var-nə var, o qanlı olaydan 14 gün sonra baş vermişdi, “epiqriz”də “güllə yarası” və s. kimi ifadələr yox idi. Sadəcə, “ürək çatışmazlığından”. Hə, dövran hələ sovet “konsilium”u dövranıydı; hansı təbib yaza bilərdi ki, sovet ziyalısının ürəyi sovet hökumətinin əməli səbəbindən partlayıb!?...

Bax bu anlar xəyallarımızda (hörmətli oxucularımızla birgə) qurduğumuz “Hamlet Xanızadə anımı” tamaşamızda –

 

Antrakt

 

Fakt faktlığında; qohum-əqrəbasının gözləri qabağında, ədəbi ictimaiyyət nümayəndələrinin diqqət tabağında...

Yeri gəlmişkən, bir-iki kəlmə “tərcümeyi-hal”lığından.

1941-ci il iyunun 5-də Bakının Şağan kəndində doğulub. 18 yaşında Teatr İnstitutuna qəbul olunub, 20 yaşında Akademik Dram Teatrında işləməyə başlayıb. Bu faktoloji qeydlərə, bütün məşhurların həyat və yaradıcılıq “yaraşığı” olan taftaloji bir əlavə: “Bəbir kişi oğlunu heç bir halda aktyor görmək istəmirmişsə də, cılxa teatr aləmini ehtiva edən “Hamlet” adını qoyub. Yenicə düşdüyü teatr ailəsindəsə onu “Canlı Hamlet” kimi qarşılayanlar olub.

Bəs həyat səhnəsində necə qarşılanmaya layiq olub?

Bu həyat Hamleti o Qara gecədən sonra başını əlləri arasına alıb saatlarla susar, ən yaxın dostlarının belə telefon zənglərinə əsəbi reaksiyalar verərmiş. Deyirlər, o 14 gündə kəsdiyi beş-on kəlmədən biri də bu olub: “Siyasətin dramları sənətinkindən bax bu qədər fərqlidir! Öz məna-məntiqsizliyilə, şərəf-şansızlığıyla!...”      

Böyük obrazlar yaradıcısının bu “kiçik” dözümsüzlüyünü necə – anlamamaq da olarmı? Söhbət o fəlakətə soyuqqanlı (statistikcəsinə) baxıb-baxabilməməkdən gedir.

Məncə, yox. Bəndəniz onun səhnə-ekran obrazlarındakı çılğınlıq, etiraz-üsyan, meydanoxuma elementlərinin heç birini tək elə müəllif-rejissor traktovkası ayağına yazmayıb. Məsələn, “Qatarda” teletamaşasındakı “KamAZ şoferi” obrazını götürək. Bu aktyorun o roldakı şəxsi qırım-durumu nəinki ətrafındakı müxtəlif peşəli sərnişindaşlardan, hətta (süjetdə olmayan) istənilən müstəntiq və ya prokurorun vahiməli çıxışından daha zabitəli təsir bağışlamırmı? Məncə, həmin teletamaşada böyük həyat tamaşası yaradanlardan biri və situasiyanı haqqın qələbəsinə yönəltmənin başqanıdır Hamlet Xanızadə!

Yaxud, onun “Axırıncı aşırım”dakı “Talıbov”unu xatırlayaq; Abasqulu bəyin Kərbəlayının həyətindəki “Ay ev yiyəsi!” səslənişindən əvvəlki oyur-oyur oynayan baxışlarını, “darıdələn” diqqətini, “Qəmlo dəstəsi” ilə üzləşirkən etdiyi heyrət-qeyrətanə səbirsizliyini deyirəm...      

Hələ bu fenomenin teatr səhnəsində yaratdığı (mənfili-müsbətli) silsilələr! Hər biri ayrıca sənət amplitudalı mənzərə, situasiya, örnəklər! Onun, ötən yüzillik sonlarında tamaşaya qoyulmuş “İblis”dəki (H.Cavid) İblis obrazını görənlər, zənnimcə, bu aktyoru hələ də canlı kimi anırlar...     

Yaxud “Topal Teymur” telefilmindəki sənət müsibəti!

Bu sənətkarın o tamaşadakı sənət “iç”indən (bəlkə heç Teymurləngin özünün yaşamadığı) Orta əsrlər psixologiyası, şahlıq ehtirası, rəyasət taktikaları, tiran strategiyaları püskürür! Az qala bütün Cahanı ayaqdan keçirmiş dünyəvi ləngərli Teymurləng bu aktyorun yanar baxışları, od-alov danışığıyla da yeriyir! Bu, hələ heç bir aktyorda müşahidə etmədiyim, öz unikallıqları ilə bir-birini kölgədə qoyan ecazkar yeriş-baxış-nitq triosu!...

Sözümün canı bu ki, bu sayaq bir “bədii ömür” yaşamış bu adamın həyat səhnəsi finalının belə olması təbii...

 

İkinci antrakt

 

Və burada yalnız sənət həyatı. 

Öncədən vurğulamaya bilmirəm ki, “özgə”ləri özündən çox yaşatmaqda olan bu sənətkar, adaşının –  dünya səhnəsi baş obrazının məşhur monoloqundakı (“Olum, ya ölüm?!”) xitabın ilkini çox az – qırx səkkizcə il yaşadı.

Bu “epizodik”lər ustadının “Yeddi oğul istərəm”dəki (bəlkə də yeganə) “fağır”lıq, soyuqqanlılıq obrazı kimi canlanan “Gizir”indən başlayaq. Bu adam hər an, hər epizodda kükrəyən Gəray bəy alovuna əndərilən su. Hələ oradakı ölüm səhnəsində var etdiyi həyat eşqi; dalbadal açılan güllələr fonunda tək əl-qoluyla sarılmaq istədiyi ağac gövdəsi boyunca çıxardığı pəstahlar...

“Qatar”dakı “Dadaşov”a (dadaşovluğa) bu qədər bədii-həyati-xəlqi nifrət bəsləyib, öz dil və sir-sifət nitqilə bu qədər ikrah hissi yaradıb, maddəsiz-hökmsüz cəzalandırıb islah etmək – nə hər hansı bir qoluzorlunun, nə də hüquq-mühafizə orqanının işidir!

Həmkarları danışırlar ki, sənət-səhnə nümunələrində Teymurluq-Qacarlıqlara daha çox meyillənsə də, Hamlet yaratdığı əks qütblü hər bir bədii obraza məxsus xarakterial yükü səhnə-ekransonrası da daşımaqda davam edirmiş.

Bu məqamda elə həmin “Qatarda”ya yaradıcı heyət “baxış”ından sonrakı bir epizodu xatırladım. Yazıçı İsi Məlikzadə: “Hamlet əfəndi, nəhayət, roldan-ruldan çıx, sənə sözüm var. Məlumun olsun ki, sən bu halal-hümmət “KamAZ Qasım”ı mənim qələmimdəkindən daha kamil yaratmısan!...”

 

Akkord-antrakt

 

Yəni, “Qatarda”larda xərclənə-xərclənə, “ona-buna” duyğulana-duyğulana, cürəbəcürə obrazlara can verə-verə, – “20 Yanvar” adlı milli faciə tamaşasına baxmağa canı qalmadı.

Gəlin onun sənət həyatının özəl-ecaz obrazlarını bir daha xatırlayaq: “İblis”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Topal Teymur”, “Qatarda”...  

Və nə desək, nə yazsaq da, gecdir; ömür qatarı gedib...

Tahir ABBASLI