Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində ənənəvi Qar Fiqurları Festivalı bu il koronavirus qorxusu və qeyr-adi qış istiləri fonunda keçirilir.

Fevralın 4-dən 11-dək davam edəcək festivalda Çindən qrup halında turist səyahətlərinin qadağan edilməsi ilə bağlı bu il ziyarətçi sayı da ötən ilə nisbətən az olacaq. Budəfəki festivalı fərqləndirən bir cəhət də koronavirusla bağlı xəbərdarlığın əks olunduğu plakatlardır. Həmin plakatlarda ziyarətçilərin tibbi maskalardan istifadə etməsi barədə yapon, ingilis və Çin dillərində məlumatlar yerləşdirilib. Bundan əlavə, cari ildə bir sıra ibtidai məktəblər də festivalı ziyarət etməmək barədə qərar qəbul ediblər.

Bu qış qarın az yağması da təşkilatçılara problem yaradıb. Buna baxmayaraq, hər il olduğu kimi, şəhərin üç yerində qardan və buzdan müxtəlif ölçülü fiqurlar hazırlanıb. Bunun üçün festivala 120 böyük yük maşını qar daşınıb.

71-ci dəfə təşkil edilən festivalda meydanlarında qar və buzdan düzəldilmiş 200-dək fiqur yerləşdirilib. Eyni zamanda Tsudome meydanında 70 metr uzunluqda sürüşmə zolağı da yaradılıb.

CAVİD