Kino dünyasının mötəbər müsabiqələrindən sayılan Britaniya Kino və Televiziya Sənəti Akademiyası – BAFTA mükafatlarının 73-cü təqdimat mərasimi keçirilib.

İngilis rejissor Sem Mendesin “1917” tarixi dramı irəli sürüldüyü doqquz nominasiyadan yeddisində mükafata layiq görülüb. Birinci Dünya müharibəsinin ön cəbhələrində döyüşən iki əsgərdən bəhs edən ekran əsəri “Ən yaxşı film”, “Ən yaxşı quruluşçu rəssam işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı vizual effektlər” və s. nominasiyalarda “Bürünc maska” qazanıb. S.Mendesin özü isə “Ən yaxşı rejissor işi” nominasiyasında mükafat alıb.

Aktyor Hoakin Feniks amerikalı rejissor Todd Fillipsin “Coker” filmində oyununa görə ”Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb. Nominasiya sayına görə lider (11) olan “Coker” cəmi üç mükafat (o cümlədən “Ən yaxşı musiqi” və “Ən yaxşı kastinq”) əldə edib.

Rene Zellveger “Ən yaxşı qadın rolu” nominasiyasında fərqlənib. BAFTA-nın münsiflər heyəti Rupert Quldun “Cudi” bioqrafik lentində müğənni və aktrisa Cudi Harlend (1922-1969) rolunu onun ifasında yüksək qiymətləndiriblər.

56 yaşlı Bred Pitt “Bir dəfə Hollivudda” filmində roluna görə ikinci planda ən yaxşı kişi aktyor, Lora Dern rejissor Noa Baumbaxın “Nikah əhvalatı” filmində roluna görə ikinci planda ən yaxşı qadın aktrisa seçilib. Bundan əlavə, koreyalı rejissor Pon Cun Xonun “Tüfeylilər” filmi “Ən yaxşı orijinal ssenari”, İspaniya istehsalı olan “Klaus” cizgi filmi “Ən yaxşı animasiya filmi” nominasiyalarının qalibləri olub.

Martın Skorsezanın “İrlandiyalı” filmini mərasimin ən uğursuz filmi adlandırmaq olar. “Netflix” şirkətinin onun istehsalına 159 milyon dollar xərcləməsinə və filmin 10 mükafata namizəd olmasına baxmayaraq, o, heç bir nominasiyada qalib gəlməyib.

BAFTA mükafatının laureatları adətən ABŞ-da “Qızıl qlobus” (yanvarın 5-də keçirilib) və “Oskar” (fevralın 9-da keçiriləcək) mükafatlarının təqdimat  mərasimləri arasında elan edilir.

İLONA