Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları Özbəkistanın “Mənim yurdum 5” televiziya kanalının “Omon Omon” verilişində ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri haqqında məlumat veriblər.
Verilişdə AMM-in əməkdaşı Yusif Məmmədov mərkəzin fəaliyyəti, buradakı muzey və dərnəklər, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, Özbəkistanın müxtəlif vilayətlərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, mərkəzin təşəbbüsü ilə Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı özbək dilində çap olunan kitablar və s. haqqında söhbət açıb.
Mərkəzin Azərbaycan dili müəllimi Salama Fətəliyeva xalqlarımızın oxşar mədəniyyəti, milli xalçaçılıq sənəti, Qarabağın milli qadın və kişi geyimləri haqqında ətraflı məlumat verib, həmçinin verilişdə bu geyimlər nümayiş etdirilib.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva ölkəmizin rəqs mədəniyyəti, “Tərəkəmə”, “Nəlbəki”, “Yallı” və digər rəqslərimiz haqqında söhbət açıb.
Özbəkistanda tanınan saz ifaçısı İlham Abdullayev qədim saz havalarını çalıb, “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.