Zamanın dayandığını hiss etdirəcək qədər möhtəşəm konsertdən qeydlər
Uzun ömrə nəzər salmaq və yaşadıqlarından nəticə çıxarmaq üçün yuvarlaq rəqəmlər xüsusilə əlamətdar olur. Yəqin buna görə də hər kəs çalışır ki, yubiley tarixlərini daha yaddaqalan, rəngarəng, maraqlı etsin. Bu, bir növ həm də özün ilə yola saldığın zaman arasında mühakimə-müzakirədir.
O, heç mübaliğəsiz, bütün bu ömür hesab-kitab məsələlərində özünə, sözünə hakim adamlardandır. Haqqında nə qədər xoş sözlər yazılıb-deyilsə də, illər, onilliklər öncə olduğu kimi, yenə ən böyük qazancı milyonların sevgisidir. Və 75 illik yubileyini də bu tamaşaçı selində qeyd etdi...
Fevralın 7-də sevimli müğənni, görkəmli bəstəkar, Xalq artisti, ictimai xadim, diplomat Polad Bülbüloğlunun yubiley gecəsinə təşrif buyuranlar əminliklə bir həqiqətə şahid oldular: sənət sevgisi hər zaman səmimi və hər zaman əvəzsizdir. Həmin axşam Heydər Əliyev Sarayına toplaşanları “Qorxma, mən səninləyəm!” gümanına inandıran, “Gözlə, məni”nin intizarını xoş vüsala yetirib, “Mavi gözündə” arzuları qalmayan adam gözləyirdi. Onun coşqun sənət şövqü, titrək səsi, ilıq təbəssümlü siması üçün darıxan tamaşaçılar “Aman-aman, ayrılıq”dan dad edirmiş kimi “Durnalar”ın qatarına qoşulan, 15 ildir Vətənin elçisi kimi çalışdığı Şimaldan hər xoş günündə “Şən Azərbaycan”a üz tutan və nisgilli çatılmış qaşların düyününə baxıb “Hər şey keçdi” təsəllisini əsirgəməyən dostuna sevgisini etirafa tələsirdi.
Çünki hər birimizin, elə onun özünün də həsrətli gecədən sonra “Gəl, ey səhər”in al şəfəqli günəşinə, bizi sevə-sevə “Ürək nəğməsi”nə qonaq edən qucaq dolusu sevgiyə ehtiyacı vardı. Bu yubiley gecəsi onun sənətkar təntənəsinin növbəti nümayişi idi. Anadan olmasının 75-ci, sənət ömrünün isə ən azı 60-cı ildönümünün dayanacağı.
Gecədə hökumət və dövlət nümayəndələri, tanınmış mədəniyyət, incəsənət xadimləri, ümumilikdə Polad Bülbüloğlu səsinin, ifasının vurğunları iştirak edirdilər.
Dopdolu zal rəngarəng gül çələngləri ilə dolub-daşan səhnədə onu axtarır, həyəcanla gəlişini gözləyirdi. Budur, eşitməkdən doymadığımız nəğmələri anonssayağı videoçarxla izləyib-dinlədik. Tədbirin aparıcısı Emin Musəvi yubilyarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri haqqında məlumat verib, onun milyonların sevgisini qazanmasından danışdı. Bildirdi ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat – “Heydər Əliyev” ordenini təqdim edib. Elə həmin tarixi təltifdən videogörüntü, eləcə də sənətkarın 75 illik yubileyini – doğum gününü (4 fevral) doğma Qarabağa yaxın məkanda, cəbhə bölgəsində hərbçilərimizlə birgə keçirməsindən kadrlar yenidən izlənildi. Alqışların müşayiətində onun musiqi mədəniyyətimizə bəxş etdiyi unudulmaz mahnılar, digər musiqi əsərləri, ümumilikdə sənətkar ömründən məqamlar yenidən xatırlandı.
Tədbirə gələn çoxsaylı qonaqlar adından çıxış edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı, unikal sənətkarlıq xüsusiyyətlərindən söz açdı. Polad Bülbüloğlu yaradıcılığının özəlliyindən danışan M.Şvıdkoy onun hələ gənc yaşlarından qeyri-adi istedada malik olduğunu bildirdi. Onun ifasında səslənən bütün mahnıların hər zaman sevilərək dinlənildiyini xatırlatdı.
Polad Bülbüloğlunu 75 illiyi münasibətilə bir çox dövlət başçıları və digər yüksək vəzifəli şəxslərin təbrik etdiyini deyən M.Şvıdkoy bu konsertə həm də sənətkarın Rusiyadakı çoxmilyonlu dinləyici və pərəstişkarının təbii göndərdiyini bildirdi. Xüsusi nümayəndə Rusiya Prezidenti Vladimir Putinin Polad Bülbüloğlunun xalqlarımızın həyatında, qarşılıqlı dostluq münasibətlərində çox böyük rol oynaması barədə fikirlərini də diqqətə çatdırdı.
Alqışların müşayiətində musiqisevərlər Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin bədii rəhbərliyi ilə estrada ansamblının müşayiətində çoxdan gözlənilən konsertin ilk nəğməsini eşitdilər.
Daha sonra qürurla salona göz gəzdirən müğənni tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bu sözlərlə ifadə etdi: “Xoşbəxtəm ki, 75 yaşına çatmışam, bu yubileyimdə də sizin qarşınızda çıxış edirəm. Xoşbəxtəm ki, fevralın 3-də cənab Prezident İlham Əliyev məni ölkəmizin ən ali mükafatına layiq gördü. Bu mükafat mənim üçün gözlənilməz oldu. Dövlətimizin başçısı mənə çox xoş sözlər dedi. Fürsətdən istifadə edərək dövlətimizin başçısına bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva da məni təbrik edərək xoş arzularını bildirdi. Ona da dərin təşəkkürümü bildirirəm. Şadam ki, yenə 40 illik dostum Siyavuş Kərimi ilə sizin qarşınızda, bir səhnədəyik”.
Çıxışını yenə də musiqi ilə tamamlayan sənətkar 60-70-ci illərdə səsləndirdiyi və ona populyarlıq qazandıran “Çiçək tapa bilmədim”, “Dilin can incidəndir”, “Durnalar”, “Bayatılar”, həmçinin son illər simfonik orkestr üçün işlədiyi “Gülə-gülə” mahnılarını ifa etdi. Tamaşaçılar üçün darıxdığını və elə ona görə də bu yubileyini də məhz konsertlə qeyd etdiyini, onu alqışlayan dinləyicilərinə, onların tükənməz sevgilərinə mahnıları ilə cavab verməyi daha çox istədiyini dedi.
Müğənniyə populyarlıq gətirən “Toydan sonra düzələr”, “Həsrətimsən”, “Gözlə məni”, “Zəng elə” mahnıları səsləndikcə elə ilk notlardan zalı alqış sədaları bürüyür və ifaçı tamaşaçıların da yerlərdən zümzümə-müşayiətində sevgi dolu nəğmələrini şövqlə ifa edirdi.
Tamaşaçı auditoriyasının nəsil və zövq müxtəlifliyə hesablanan proqramını ustalıqla tərtib edən yubilyar oğlu, gənc dirijor Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində orkestrləşdirilmiş bir neçə nəğməni də məharətlə oxudu.
Ardınca bəstəkarın “Eşq və Ölüm” baletindən parçalar, kinofilmlərə yazdığı sevilən mahnılar, eləcə də milyonlarla tamaşaçının əzbər bildiyi popurriləri ifa olundu.
Polad Bülbüloğlu Azərbaycan və rus dillərində oxuduğu sevgi nəğmələri, vətən təranələri ilə hər mahnısında bir obraz canlandırmaq, ifa etdiyi hər mahnı parçasındakı dramaturji üslubu səsi ilə yanaşı hərəkətlərinə, rəqslərinə, jestlərinə də köçürmək məharətini bu dəfə də ustalıqla nümayiş etdirdi.
Tamaşaçını əhvaldan əhvala kökləyən sənətkarın illər boyu unudulmayacaq bu yubiley konserti də Şuşa, Qarabağ, vətən sevgisi ilə yadda qaldı. Həsrət notları “Şən Azərbaycan”da kökləndi, “Mehriban Bakı”da dilə gəldi, “Mən gedirəm”də təzələndi.
Zamanın dayandığını hiss etdirəcək qədər möhtəşəm konsertin yekununu tamaşaçılar arasında, zalın sıralarında edən Polad Bülbüloğlu gecənin qaranlığına, qışın soyuğuna, ömrün amansız axışına “Gəl, ey səhər”lə bax belə – alqış və xorsayağı müşayiət ilə yenidən, həm də daha inadla meydan oxudu.
Və “bir təzə nağıl başlar dünya...”sına bizi yenidən qonaq edəcəyinə vəd verib “80 yaşımda yenidən görüşərik” arzusu ilə sevgi və alqışlarımızı qucaqlayıb getdi...
Həmidə NİZAMİQIZI