Fevralın 8-də Xətai Sənət Mərkəzində Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzinin şagirdi Məryəm Məmmədovanın “Uğur qatarım” adlı fərdi sərgisi açılıb. Sərgidə həvəskar rəssamın 60-dan çox əl işi yer alıb.
Hələ uşaqlıqdan incəsənətə marağı olduğunu deyən M.Məmmədova bildirib ki, rəngli karandaş, sulu boya, yağlı boya, qarışıq texnikada işləməyi xoşlayır və müxtəlif mövzularda rəsmlər çəkir.
Əməkdar artist Teymur Məmmədov çıxış edərək əsərlərin məziyyəti haqqında danışıb. Bildirib ki, Xətai Sənət Mərkəzində mütəmadi olaraq belə sərgilərin təşkili olduqca əlamətdardır.
Rəssamın müəllimləri Esmiralda Tağıyeva və Sara Əfəndiyeva şagirdlərinin istedadından və incəsənətə olan sevgisindən danışıblar.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digər çıxış edənlər gənc rəssama yeni yaradıcılıq axtarışlarında uğurlar diləyiblər.