Görkəmli rejissor Həsən Seyidbəylinin xatirəsi anılıb

Dekabrın 25-də Dövlət Film Fondunda Azərbaycanın Xalq artisti, görkəmli rejissor, yazıçı və ssenarist Həsən Seyidbəylinin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, ittifaqın icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, kino tənqidçisi və rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev və digər çıxış edənlər rejissorun istedadından, novatorluğundan, Azərbaycan kinematoqrafına yeni nəfəs gətirməsindən, milli kinonu yeni məna və məzmunla zənginləşdirməsindən söhbət açıblar, xatirələrini bölüşüblər.
Bildirilib ki, Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda doğulub. Leninqrad Kino Mühəndisləri İnstitutunda təhsil alıb, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissorluğu fakültəsində (Sergey Eyzenşteyn və Qriqori Kozintsevin emalatxanası) təhsilini davam etdirib.
Rejissorun çəkdiyi “Telefonçu qız”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi” və digər filmlər Azərbaycan kinosunun klassikasıdır. Bu filmlər romantika və humanizmlə doludur, Azərbaycan neorealizminin ən yaxşı nümunələridir. Təəssüf ki, çoxlu yaradıcı planları olan rejissor 59 yaşında dünyasını dəyişib.
Gecədə rejissorun çəkdiyi bədii filmlərdən fraqmentlər, habelə Dövlət Film Fondunun arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonda sənətkarın qızı Məryəm Seyidbəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, Dövlət Film Fonduna atasının əlyazmalarını və nadir şəkillərini hədiyyə edib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar