Azərbaycan ədəbiyyatının, mətbuat tarixinin dərindən öyrənilməsində filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Əziz Mirəhmədovun xüsusi xidmətləri olub. Yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində mühüm rol oynayan, eyni zamanda zəngin mətnşünaslıq fəaliyyəti göstərən görkəmli alimin bu il 100 illik yubileyi qeyd olunur.

Əziz Mirfeyzulla oğlu Mirəhmədov 11 fevral 1920-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini 25 nömrəli məktəbdə aldıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. İlk məqaləsi hələ tələbə ikən “Müəllim qəzeti”ndə (1938) dərc edilir. 1941-ci ildə APİ-ni bitirir. Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsində çalışır.

Əziz Mirəhmədovun tələbəsi olmuş Xalq şairi Bəxtiyar Vahabzadə müəllimini belə xatırlayırdı: “...Gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı”.

Onu yaxşı tanıyan müəllimləri Həmid Araslı və Məmməd Arif tezliklə Ə.Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. Burada “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri” mövzusunda dissertasiya müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilir.

Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, “Molla Nəsrəddin” jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı.

Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən alim 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun “M.F.Axundov” (1953), “Abdulla Şaiq” (1956), “Sabir” (1958), “Məhəmməd Hadi” (1962 və 1981), “Azərbaycan Molla Nəsrəddini” (1980), “Satirik gülüşün qüdrəti” (1981), “Ağlar güləyən” (1989) monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. sanballı məqalələri ədəbiyyat tariximizin öyrənilməsində etibarlı mənbələrdəndir.

Əziz Mirəhmədov gənclik illərində ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı dövrdə püxtələşmiş alim kimi üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdu. O, nəşri planlaşdırılmış yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin də aparıcı müəlliflərindən idi. Yorulmaz tədqiqatçının zəhməti bahasına müxtəlif illərdə C.Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanıb, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılıb.

Alimin M.Ə.Sabir haqqında Bakıda və Moskvada çap etdirdiyi fundamental monoqrafiyalar ədəbiyyatımızda ictimai satiranın tarixi gerçəkliyin təsiri ilə yeni, mütərəqqi məzmun qazanmasını, Sabir poeziyasının Azərbaycanda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onun Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini aydınlaşdırmaqla yanaşı, şeirimizin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan epiqon şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxardı. “Ağlar güləyən” monoqrafiyası Sabir irsini keçmiş sovet məkanında təbliğ və təqdir etdiyi kimi, ədəbiyyatşünaslığımızın da bu səviyyədə təmsil olunmaq hüququnu və imkanlarını nümayiş etdirdi.

***

Ə.Mirəhmədov klassik filoloji təhsil görmüş alimlərimizdən idi. Onun tarixi ədəbi gedişata münasibətindəki elmi tutum vüsəti və miqyası bu amillə bağlı idi. Ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyətinə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini üzə çıxarır.

Faktlarla ümumiləşdirmələr aparmaq Ə.Mirəhmədovun bir ədəbiyyatşünas kimi seçdiyi təhlil üsulu, tədqiqatçılıq keyfiyyətidir. Buna görə də müasir demokratik mövqedən yanaşanda onun əsərləri elmi fikrin yeni mərhələsində də qəbul olunur, istinad edilir. Digər tərəfdən, alimin Avropa və rus ədəbiyyatşünaslıq məktəbləri ilə yanaşı, Şərq, xüsusən türk ədəbiyyatşünaslıq və estetik fikrinə eyni dərəcədə bələdliyi onun tədqiqatlarında birtərəfli qiymətləndirmə və təhlil prinsiplərini, əsasən, aradan götürür.

Bədii fikir tariximizin XIX əsr və XX əsrin əvvəlləri dövrünü ideya-poetik cəhətdən yeni mərhələ kimi mənalandıran amillərin kompleks şəkildə öyrənilməsində Ə.Mirəhmədovun mühüm xidmətləri var. XIX əsrdə formalaşmış yeni tipli ədəbiyyatın bir çox kateqoriyaları XX əsr gerçəkliyinin səciyyəsi ilə bağlı yeni inkişaf dövrünə daxil olur. Alim bu dövrün tədqiqindəki mövcud çətinliklərdən bəhs edərkən yazırdı: “...Müharibə illərində və bir qədər ondan sonra hətta ədəbi-tarixi faktların böyük bir hissəsinin sadəcə toplanılıb sistemə salınması və tədqiqata cəlb olunması vacib idi. Bunsuz nə ədəbiyyat tarixinin bütöv mənzərəsini yaratmaq, nə də böyük problemlərin əsl elmi həllinə nail olmaq mümkün idi. Tədqiqatın xeyli vaxt aparan, üzücü texniki çətinlikləri, məsələn, qiymətli arxiv sənədlərinin, əlyazma və mətbu mətnlərin minlərcə səhifəsinin əllə köçürülməsi bəzən həmin faktoqrafik materialın elmi-nəzəri cəhətdən kifayət qədər dərindən dərk olunub mənalandırılması imkanını da azaldırdı”.

Ə.Mirəhmədovun uzun illərdən bəri əldə etdiyi elmi araşdırma təcrübəsi, universal tədqiqatçılıq keyfiyyəti “Azərbaycan Molla Nəsrəddini” monoqrafiyasında əyaniləşdi. Bu əsər təkcə onun deyil, ümumilikdə ədəbiyyatşünaslıq elmimizin müəyyən tarixi bir dövrünün yekunu və nailiyyəti oldu. Monoqrafiyada M.Cəlilin milli mətbuat, publisistika tariximizdə əvəzsiz xidmətləri “Mollanəsrəddinçilik” fikir cərəyanını şərtləndirən ədəbi, ictimai və estetik problemlərin fonunda professional elmi şərhini tapmışdı. 

Görkəmli alimin XX əsr Azərbaycan romantizminin tədqiqi sahəsindəki fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Onun A.Şaiq, M.Hadi, A.Səhhət haqqında monoqrafiyaları, çoxsaylı məqalələri Azərbaycanda romantizm ədəbi cərəyanının tarixi və nəzəri problemlərini həll etməyə güclü təkan verdi. M.Hadinin ədəbi irsi məhz Ə.Mirəhmədovun inadı, vətəndaşlıq səyi nəticəsində xalqa çatdırıldı, bu böyük sənətkarın bədii fikir tariximizdə yeri onun çoxsaylı elmi axtarışları nəticəsində müəyyən olundu.

Bədii ədəbiyyatımızın və mətbuat tariximizin cəmiyyət hadisələri ilə, mühüm siyasi-ictimai yeniliklərlərlə əlaqəsinə aid tarixi ədəbi faktları diqqətlə, məhəbbətlə, xüsusi səliqə ilə ortaya çıxarıb öyrənmək, mənalandırmaq və aydınlaşdırmaq səyi Ə.Mirəhmədovun özünəməxsus tədqiqatçılıq üsuludur. Onun tədqiqləri ədəbi-elmi məxəz və faktların zənginliyi, mühakimələrin dürüstlüyü, inandırıcılığı və yaradıcılığın psixologiyasına nüfuz etmək səyi ilə seçilir. Üzə çıxarılan faktların bir çoxu ədəbiyyat və mətbuat tarixində, bu və ya başqa yazıçının yaradıcılığında uzun zaman qaranlıq qalmış bəzi məsələlərin, cəhətlərin işıqlandırılmasında istər müəllifin özünə, istərsə də onun həmkarlarına kömək edir. Belə ədəbi-tarixi həqiqətlər gələcək tədqiqatların dairəsini genişləndirməyə və məzmunu dərinləşdirməyə kömək etdiyi üçün əhəmiyyətlidir.

***

Klassik sənətkarların həyat və yaradıcılığının öyrənilməsinə xüsusi diqqət və qayğı ilə yanaşan Ə.Mirəhmədov onların bədii irsinin toplanmasına və nəşrinə böyük əmək sərf edən alim idi. Azərbaycan müstəqillik qazandıqdan sonra qocaman alimin qarşısında, demək olar ki, heç bir ideoloji-siyasi maneə qalmamışdı. O artıq görkəmli vətənpərvər ziyalılarımızdan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu haqqında da geniş araşdırmalar aparır, onların yaradıcılığını və bioqrafiyalarını xalqa olduğu kimi çatdırmağa çalışırdı. Halbuki bir vaxtlar bu millət xadimlərinin, fikir adamlarının ünvanına xoş söz demək sovet dövlətini təhqir etməyə bərabər idi. Ə.Mirəhmədov müsahibələrindən birində Əli bəy Hüseynzadə irsinin zamanında layiqincə öyrənilmədiyini təəssüf hissi ilə qeyd etmişdi: “Əli bəy Hüseynzadə bizim ən bədbəxt mütəfəkkirimizdir. Hansı “epitet” qalıb ki, onun haqqında söyləməyək? Biz Əli bəyin əsərlərində, şəxsiyyətində olan işığı, həqiqəti görə bilməmişik. Biz də görə bilməmişik, bizim müəllimlərimiz də görə bilməyib, heç müəllimlərimizin müəllimləri də görə bilməyib”.

Öz işinə təkcə ədəbiyyatşünas alim kimi deyil, həm də vətənsevər vətəndaş kimi yanaşan Əziz Mirəhmədov müstəqilliyimizin 11-ci ilində, 2002-ci ildə vəfat edib.

Aynurə ƏLİYEVA