Koreyalı rejissorun filmi dörd nominasiyada qızıl heykəlcik qazanıb
Fevralın 9-da Los-Ancelesin “Dolbi” teatrında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi keçirilib.
Budəfəki “Oskar” gecəsinin baş qəhrəmanı Cənubi Koreya rejissoru Bon Cun Xo olub. Onun quruluş verdiyi “Parazitlər” filmi əsas nominasiyada (“Ən yaxşı film”) mükafata layiq görülüb.
Qeyd edək ki, “Oskar” tarixində ilk dəfə xarici film Amerika Kino Sənəti Akademiyasının əsas mükafatını qazanır. “Parazitlər” bundan savayı daha üç nominasiyada – “Ən yaxşı rejissor” (Bon Cun Xo), “Ən yaxşı xarici film” və “Ən yaxşı orijinal ssenari” üzrə mükafat qazanıb.
Amerikalı rejissor Sem Mendesin “1917” tarixi filmi favoritlərdən sayılsa da, yalnız texniki nominasiyalarda (“Ən yaxşı səs kombinasiyası”, “Ən yaxşı operator işi”, “Ən yaxşı vizual effektlər”) üç heykəlcik əldə edib.
“Ən yaxşı aktyor” adını Hoakin Feniks (“Coker” filmi), “Ən yaxşı aktrisa” adını Rene Zellveqer (“Cudi” filmi) qazanıb. “Coker” həmçinin “Ən yaxşı film musiqisi” üzrə “Oskar” alıb.
Rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi də iki nominasiya üzrə təltif olunub: “Ən yaxşı ikinci plan aktyoru” – Bred Pitt; “Ən yaxşı quruluşçu rəssam işi” Barbara Linq, Nensi Hey.
“Ən yaxşı cizgi filmi” nominasiyasında “Oyuncaqların hekayəsi 4”, “Ən yaxşı sənədli film” kimi “American Factory” “Oskar”la mükafatlandırılıb.
SƏBİNƏ