Qarşıdakı beş ildə 450 mindən artıq kino-foto-fono sənədin elektron daşıyıcılara köçürülməsi təmin edilməklə vahid elektron arxiv məlumat sisteminin yaradılması nəzərdə tutulur.

Bu qəbildən bir çox tədbirlər Prezident İlham Əliyevin 12 fevralda imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramında vurğulanır ki, Azərbaycan Respublikasının dövlət arxivləri Milli arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə qəbulunu, qeydiyyatını və etibarlı qorunmasını, eləcə də cəmiyyətin retrospektiv informasiyaya tələbatının ödənilməsi sahəsində vəzifələri uğurla həyata keçirir. Yüzillik tarixi olan arxiv sistemi ölkəmizin müstəqilliyinin bərpasından sonra dövrün tələblərinə uyğun yenidən təşkil edilib, arxiv quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi baza yaradılıb.

Ölkə başçısının 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda mədəni irsin qorunması və səmərəli idarə edilməsinin təşkili istiqamətlərində müəyyən olunmuş hədəflər arxiv işi sahəsində normativ hüquqi bazanın qabaqcıl təcrübəyə uyğun təkmilləşdirilməsini, Milli arxiv fondu sənədlərinin informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə daha etibarlı mühafizəsinin təmin edilməsini, infrastrukturun və maddi-texniki bazanın möhkəmləndirilməsini zəruri edir.

Dövlət Proqramının məqsədi arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasını, Azərbaycan Respublikasının maddi-mənəvi sərvəti olan Milli arxiv fonduna aid sənədlərin toplanmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdən ibarətdir.

Dövlət Proqramında 2020–2025-ci illərdə arxiv işinin bir sıra istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur. Buraya müvafiq qanunvericiliyin, dövlət arxiv təşkilatlarının strukturunun və şəbəkəsinin təkmilləşdirilməsi, arxivlərin tarixi əhəmiyyətli sənədlərlə komplektləşdirilməsi hesabına Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan Milli arxiv fondunun zənginləşdirilməsi, arxiv xidmətlərinin çeşidinin artırılması, Milli arxiv fondu sənədlərinin rəqəmsallaşdırma yolu ilə etibarlı mühafizəsinin təşkili və s. işlər daxildir.

Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır: arxiv işinin müasir tələblərə uyğun təşkilinin təmin olunması, idarə edilməsində daha çevik idarəetmə sisteminin formalaşdırılması və bu sahədə fəaliyyətə dövlət nəzarətinin gücləndirilməsi; Milli arxiv fondunun informasiya bazasının zənginləşdirilməsi və onun elmi-məlumat aparatının tərkib hissəsi olan kataloq sistemini elektronlaşdırmaqla informasiya-axtarış imkanlarının genişləndirilməsi; dövlət arxivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, arxiv işi, arxivşünaslıq və sənədşünaslıq sahələri üzrə elmi bilikləri və peşə bacarıqları olan kadrları işə cəlb etməklə dövlət arxivlərinin kadr potensialının möhkəmləndirilməsi və s.

Həmçinin arxiv işi sahəsində İKT-nin tətbiqi və Milli arxiv fonduna məxsus 16 mindən artıq arxiv fondunun, 700 milyondan çox kağız əsaslı arxiv sənədinin rəqəmsallaşdırılması, eləcə də yuxarıda qeyd olunduğu kimi, 450 mindən artıq kino-foto-fono sənədin elektron daşıyıcılara köçürülməsi Dövlət Proqramının hədəflərindəndir.

Milli arxiv fonduna məxsus nadir və xüsusi qiymətli sənədlər də daxil olmaqla, bütün növ sənədləri özündə əks etdirən Vahid elektron arxiv reyestrinin yaradılması, xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək surətlərinin Azərbaycan Respublikasına gətirilməsinin təmin olunması da Dövlət Proqramının tədbirləri sırasında qeyd olunub.