Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daha bir təşkilatla memorandum imzalayıb

İsveçrənin paytaxtı Berndə Mərkəzi Asiya Araşdırmaları Cəmiyyəti və Bern Universitetinin Arxeoloji Tədqiqatlar İnstitutunun dəstəyi ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu (İİCAS) Akademik Şurasının 22-ci iclası və “Təmasda olan mədəniyyətlər – Mərkəzi Asiya ticarətin, mədəniyyət mübadiləsinin və biliyin ötürülməsinin mərkəzi kimi” mövzusunda konfrans keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirdə iştirak edib. O, rəhbəri olduğu qurumun yaranması, məqsədləri və fəaliyyətindən, türkdilli xalqların tarixinin, adət-ənənələrinin, mədəniyyətinin təbliği və bu sahədə tədqiqatların aparılmasının, ölkələr arasında mədəni mübadilənin gücləndirilməsinin vacibliyindən söz açıb. Günay Əfəndiyeva həmçinin Böyük İpək Yolu mövzusunun önəmi və türkdilli ölkələrə təsirindən, bu istiqamətdə fondun həyata keçirdiyi layihə və tədbirlər barədə məlumat verib.

Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru Dmitri Voyakin həyata keçirdikləri layihələrdən bəhs edib, bu xüsusda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa da böyük önəm verdiklərini söyləyib.

Konfransda iki qurum arasında anlaşma memorandumu imzalanıb. Sənədin məqsədi təşkilatlar arasında mədəniyyət, tarix, arxeologiya, coğrafiya, ədəbiyyat və dilçilik sahələrində, eləcə də Böyük İpək Yolu ilə bağlı aparılan tədqiqatlar üzrə əməkdaşlıq yaratmaq və qarşılıqlı maraq kəsb edən akademik proqramlar və araşdırma layihələrini həyata keçirməkdir. Eyni zamanda anlaşma memorandumunda türkdilli ölkələrin ortaq mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi sahəsində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.

Konfransda Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova da iştirak edib.