Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, şəhər və rayonlarda Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələrində qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, sərgilər, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda dövlət qurumları rəhbərlərinin, ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.