11-15 mart tarixində Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbinin təşkilatçılığı ilə “Testene Art Baku” IV Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək.
Müsabiqə instrumental ifaçılıq, o cümlədən xalq çalğı alətləri, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ-tətbiqi sənət nominasiyalarını əhatə edəcək.
4-8, 9-12, 13-16, 17-19 yaş və 20 yaşdan yuxarı qruplar üzrə respublikamızın və müxtəlif ölkələrin təmsilçiləri yarışmaya qatılacaq.
“Testene Art Baku” festival-müsabiqəsi paytaxtımızda 2017-ci ildən keçirilir.
Festival-müsabiqənin bədii rəhbəri İqor Bubençikov, təşkilatçısı İtaliyanın “Testene Art” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti İnessa Zaykadır.
2017-ci ildə keçirilən ilk yarışmanın Qran-pri mükafatına G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi, balaban ifaçısı Ramin Pələngov, 2018-ci ildə isə Mərdəkan Mədəniyyət sarayının “Azərbaycan qartalları” rəqs qrupu (rəhbər Xanlar Bəşirov) layiq görülmüşdü. Ötən il “Testene Art”ın baş mükafatını Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı qazanmışdı.
Qaliblər müvafiq olaraq 2017-2018-ci illərdə İtaliyada keçirilən “Özünü dünyaya göstər” festival-müsabiqəsinə, 2019-cu ildə isə “Baltik rapsodiyası” (Riqa-Stokholm) festival-müsabiqəsinə vəsiqə qazanaraq həmin yarışmalarda da uğurla çıxış etmişdilər.
Builki “Testene Art Baku” incəsənət yarışmasının münsiflər heyətinin tərkibində Rusiya (Moskva, Sankt-Peterburq), Qazaxıstan, Litva, İsrail və İtaliyadan nümayəndələr yer alacaqlar. Münsiflər tərəfindən müxtəlif ixtisaslar üzrə ustad dərsləri də keçiriləcək.