Xəbər verdiyimiz kimi, bu il Mədəniyyət Nazirliyinin dəstəyi ilə V Buktreyler Festivalı keçiriləcək.

Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü ilə 2016-cı ildən təşkil olunan festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə bu yarışmada iştirak edə bilər. Ötən il dördüncü festivalda elan edilən “Ən yaxşı mobil buktreyler” nominasiyası bu il də öz qüvvəsində qalır. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə də festivala qatıla bilər.

Buktreylerlərin son qeydiyyat tarixi aprelin 1-dir.

Ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.